Ölkəmiz Malayziyada sənətkarlıq festivalında təmsil olunub

 

Noyabrın 24-dən 27-dək Malayziyanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Kuala Lumpur Beynəlxalq Sənətkarlıq Festivalında (KLICF-2016) ölkəmiz də təmsil olunub.

Festivala 20-dən çox ölkədən nümayəndələr qatılıb. İştirakçı ölkələrin milli sənətkarlıq, toxuculuq nümunələri, bəzək əşyaları, rəsm, keramika işləri və şirniyyatları nümayiş etdirilib. Həmçinin əl işlərinin və sənətkarlıq nümunələrinin satışı təşkil olunub.

KLICF-2016 festivalında Azərbaycan səfirliyinin dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə əl işləri sənəti ustası Pərvanə Eyyubova iştirak edib. O, Azərbaycan səfirliyi üçün ayrılmış pavilyonda ona məxsus olan müxtəlif növ əl işlərini, o cümlədən dəri üzərində sənət əsərləri, şüşə və çini qablar üzərində işləmələr, araqçınlar, buta şəklində bəzək əşyaları və kəmərləri, ipək kəlağayıları nümayiş etdirib. P.Eyyubova milli ornamentlərlə xınayaxma ustası kimi də ziyarətçiləri heyrətləndirib.

Azərbaycan guşəsində həmçinin ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları haqqında jurnal və bukletlər, sənətkarlıq nümunələri və suvenirlər, milli geyimlər və şirniyyatlarımız nümayiş etdirilib. Guşəyə maraq göstərən ziyarətçilərə milli suvenirlər, şirniyyatlar, ölkəmiz haqqında ingilis dilində nəşr olunmuş jurnallar hədiyyə edilib.

KLICF-2016 festivalının rəsmi açılış mərasimində iştirak edən ölkələrə, o cümlədən Azərbaycan səfirliyinə sertifikat təqdim olunub.

Pərvanə Eyyubova KLICF-2016 çərçivəsində Malayziyanın TV9 kanalının Nasi Lemak səhər proqramında canlı yayımda əl işlərini nümayiş etdirib. Malay dilində efirə gedən proqramın aparıcısı Azərbaycanda əl işləri sənətinin inkişafı və ölkəmizin mədəniyyəti barədə tamaşaçılara məlumat verib.

 

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.16.