Şair İbrahim Göyçaylının xatirəsi yad olundu

 

 

Noyabrın 25-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair və jurnalist, Əməkdar incəsənət xadimi İbrahim Göyçaylının (1936-2007) 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Azərbaycan Dövlət Televiziyası və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbirinin iştirakçıları əvvəlcə şairin həyat və yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış oldular. Şairin kitabları tədbir iştirakçılarına hədiyyə edildi.

Xatirə gecəsi İbrahim Göyçaylının ömür yolundan bəhs edən videoçarxın nümayişi ilə başlandı.

Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə çıxış edərək şairin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, İbrahim Göyçaylı 1936-cı il noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə müxbir kimi başlayıb, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Mədəni ticarət (Za kulturnuyu torqovlyu) qəzetində baş redaktor, AzTV-də redaktor, şöbə müdiri və baş redaktor vəzifələrində çalışıb. İbrahim Göyçaylı Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə əmək sərf edərək müstəsna xidmətlər göstərib.

Tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli şairin yaradıcılığını yüksək qiymətləndirərək onunla bağlı xatirələrini bölüşdü. Vurğuladı ki, İbrahim Göyçaylı yaradıcılığında insan düşüncələri, vətənpərvərlik, humanizm, sevgi, kədər və xeyirxahlıq kimi əbədi mövzular yer alıb.

Şair Dalğalar qoynunda, Yadigar sözlər, Gözlərinin işığında, Qərənfil işığı, Qoymayın qızları kədərlənməyə, Uzaq haraylara isinmir ürək, Ümiddən uzun gecə, Vaxt soruşsa, Lirika, Ulduzlar nədən danışır və başqa kitabların müəllifidir. Rusiyada, Gürcüstanda və İranda da kitabları çap olunub. Yüzdən çox şeirinə mahnı bəstələnərək tanınmış musiqiçilər tərəfindən ifa olunub. Onun dünya ədəbiyyatından etdiyi tərcümələri bu gün də radio dalğalarında səsləndirilir.

Şairin ailə üzvləri adından çıxış edən Sevinc İbrahimqızı atasının xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

Sonda şairin şeirləri səsləndirildi, sözlərinə bəstələnmiş mahnılar ifa olundu.

Lalə

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.12.