Unudulmaz aktyorun məzarı
ziyarət olunub
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi oktyabrın 4-də unudulmaz gülüş ustası, Xalq artisti Hacıbaba Bağırovun vəfatının 10-cu ildönümü ilə bağlı sənətkarın məzarını ziyarət edib.
Anım mərasimində çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Xalq artisti İlham Namiq Kamal, teatrın direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov görkəmli aktyorun yaradıcılıq yolundan, Dövlət Musiqili Komediya Teatrının direktoru kimi fəaliyyətindən söz açıb, xatirələrini bölüşüblər. Vurğulanıb ki, onun kinoda, teatr tamaşalarında canlandırdığı obrazlar yüksək sənətkarlıq nümunəsidir.
Sonra çıxış
edən Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi
adından teatrın kollektivinə, Hacıbaba Bağırovun
sənətini sevən hər kəsə təşəkkürünü
bildirib.
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.7.