Tanınmış teatr rejissoru Yusif Əkbərov vəfat edib

 

 

Uzun müddət Azərbaycan Dövlət Musiqili Teatrında baş rejissor vəzifəsində işləmiş Yusif Əkbərov vəfat edib.

Yusif Məmmədağa oğlu Əkbərov 2 sentyabr 1949-cu il tarixində Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib və həmin il C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin olunub. 1974-cü ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına quruluşçu rejissor, 1987-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor işləyib.

Yusif Əkbərov 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının quruluşçu rejissoru, 2006-cı ildən 2014-cü ilədək baş rejissoru olub, teatrda “Qızıl toy”, “Hərənin öz ulduzu”, “Səhnədə məhəbbət”, “Qısqanc ürəklər” və s. tamaşalara quruluş verib. Prezident mükafatçısı idi, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisidöş nişanı ilə təltif olunmuşdu.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.7.