Mingəçevir Turizm Kollecində görüş

 

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin şöbə müdiri Yerun Villems və nümayəndəliyin əməkdaşları Mingəçevir Turizm Kollecinin qonağı olub.

Qonaqlar əvvəlcə kollecin foyesində tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxıblar. Turizm Kollecinin direktoru Əyyub Əyyubov nümayəndə heyətinə tələbələrin iştirakı ilə vaxtaşırı təşkil olunan mədəni-kütləvi tədbirlər barədə ətraflı məlumat verib.

Sonra qonaqlar auditoriya, fənn kabinetləri ilə tanış olub, tədris prosesini izləyiblər, tələbələrlə söhbət ediblər. Direktor təhsil müəssisəsinin mövcud durumu və gələcək layihələri barədə danışıb. Turizm Kollecinin yaranma tarixi, ixtisasları, maddi-texniki bazası, tədris prosesi, məzunları və beynəlxalq əlaqələri slaydlar vasitəsilə nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Əyyub Əyyubov yeni tədris ilindən etibarən fəaliyyət göstərən mehmanxana-turistsanatoriya-kurort komplekslərində iaşə və servis ixtisası barədə də məlumat verib, elektron imtahan sessiyası və digər yeniliklərdən bəhs edib.

Nümayəndə heyəti kolleclə tanışlıqdan məmnunluğunu ifadə edib. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib.

 

Mədəniyyət.- 2016.- 5 oktyabr.- S.9.