Nikbinlik, yaşamaq eşqi aşılayan poeziya

 

 

Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi qeyd olundu

 

Oktyabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, ictimai-siyasi xadim Süleyman Rüstəmin (1906-1989) anadan olmasının 110 illiyinə həsr olunan yubiley tədbiri keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə gerçəkləşən gecədə əvvəlcə tədbir iştirakçıları görkəmli şairin kitablarının yer aldığı sərgi ilə tanış oldular. Ədibin ömür yolunu əks etdirən fotoslayd nümayiş etdirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Xalq şairinin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Süleyman Rüstəm Azərbaycan ədəbiyyatında Vətən gözəlliklərini böyük poetik ustalıqla tərənnüm edən şair kimi tanınır. Onun əsərlərinin əsas motivi Vətənə, millətə, xalqa məhəbbət üstündə qurulub. Şairin Azərbaycana ithaf olunmuş şeirlərini oxuyan hər kəs sanki Vətənin seyrinə çıxır. Hər misra, hər beyt insanda xoş ovqat yaradır.

Qeyd olundu ki, Süleyman Rüstəmin yaradıcılığına da İkinci Dünya müharibəsinin böyük təsiri olub: “Şairin müharibə mövzusunda yazdığı şeirlər bu günöz aktuallığını qoruyub saxlayır. “Anapoçtalyon” əsəri döyüş səngərlərində vuruşan qəhrəmanların analarına bir təskinlik idi. Onun Cənub lirikasının şah əsəri sayılan “Təbrizim” şeiri təkcə forma gözəlliklərinə görə deyil, sadalanan problemlərə görə də çox əhəmiyyətlidir. Şairin Vətənə, insana məhəbbət duyğuları ilə yoğurulan, daim nikbinlik, yaşamaq eşqi aşılayan poeziyası bundan sonra da sevilə-sevilə oxunacaq”.

Vaqif Əliyev vurğuladı ki, Süleyman Rüstəm ədəbi fəaliyyəti ilə yanaşı, məsul vəzifələrdə də çalışıb. 1938-ci ildən ömrünün sonuna kimi Azərbaycan SSR Ali Sovetinin deputatı, 1971-ci ildən Ali Sovetin sədri, eyni zamanda Dövlət Akademik Milli Dram Teatrının direktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının sədri kimi vəzifələrdə həmişə fəal ictimai-siyasi xadim, ədəbiyyat və mədəniyyətimizin bacarıqlı təşkilatçısı kimi tanınıb, yeni ədəbi gəncliyin yetişməsində qayğı və köməyini əsirgəməyib.

Belə yubiley tədbirlərinin təşkil olunmasını xalqımızın öz sənətkarına əbədi hörmət və məhəbbətinin təzahürü olduğunu deyən nazirin birinci müavini bunu ölkəmizdə şeirə, ədəbiyyata, mədəniyyətə göstərilən dövlət qayğısının ifadəsi kimi səciyyələndirdi.

AYB-nin sədri, Xalq yazıçısı Anar Süleyman Rüstəmin ötən əsrin 20-ci illərində işıq üzü görən “Ələmdən nəşəyə” adlı kitabından başlanan yaradıcılıq yolunun müxtəlif mərhələlərindən, şairin poeziyasının əsas mövzu və ideya-sənətkarlıq məziyyətlərindən bəhs etdi: “Şair insanlara sevgi, məhəbbət, incə hislər, xoş duyğular aşılayan lirikası ilə yanaşı, Təbriz həsrətli və müharibənin ağrı-acılarını sənətkarlıqla, yüksək bədiiliklə təsvir edərək Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlər göstərib. Süleyman Rüstəmin onlarla şeirinə musiqi bəstələnib. Bu günmuğam üstündə oxunan qəzəlləri insanlara xoş əhval-ruhiyyə bəxş edir. Unudulmaz şairinAnapoçtalyon”, “Gün o gün olsun ki...”, “Təbrizim”, “Şəhriyara məktub” və digər şeirləri dillər əzbəri olmaqla yanaşı, həm də gənclərdə vətənpərvərlik hisləri oyadır. Bundan başqa, şairÇimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi” pyesləri ilə dramaturgiyamızda da öz sözünü deyib. Ədibin əsərlərində həmişə nikbinlik, həyatsevərlik ruhu duyulur”.

Şairlə bağlı xatirələrini bölüşən Anar onun zarafatcıl, fəal insan, mehriban ailə başçısı, etibarlı dost olduğunu dedi. Vurğuladı ki, XX əsr Azərbaycan poeziyasında öz məktəbini yaratmış Süleyman Rüstəmin adı, əsərləri mədəniyyət tariximizdə daim yaşayacaq.

Tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Süleyman Rüstəmin şeirlərinə bəstələnmiş mahnılar ifa olundu, şeirləri səsləndirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.3.