“Özbək gəncləri” paytaxtımızdakı incəsənət məkanında çıxış edib

 

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən paytaxtın Nizami küçəsində təşkil edilmiş incəsənət məkanında daha bir konsert proqramı oktyabrın 1-də keçirilib. Bu dəfə incəsənət məkanında Özbəkistandan gəlmiş kollektiv çıxış edib.

 

Bu ölkənin məşhur “Özbək gəncləri” ansamblı rəngarəng konsert proqramı təqdim edib. Kollektivin ifasında özbək və ərəb rəqsləri, Azərbaycan, Türkiyə və Özbəkistan musiqi nümunələri şəhər sakinləri və turistlərin böyük marağına səbəb olub.

Kollektivin üzvləri səfər zamanı Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib, Dağüstü parkdan şəhərimizin gözəlliyini seyr ediblər. Bundan başqa, qonaqlar Xalça Muzeyini, İçərişəhəri, Fəvvarələr meydanını gəziblər.

Qeyd edək ki, paytaxtdakı incəsənət məkanında mütəmadi olaraq Azərbaycanın regionlarında fəaliyyət göstərən folklor kollektivlərinin konsertiel sənətkarlarının əl işlərindən ibarət satış-yarmarka təşkil olunur. Tədbirlərin oktyabrın ortalarına qədər keçirilməsi nəzərdə tutulur.

 

Vaqif Muğallı

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.16.