Demə, Səməd Vurğun gəldi-gedərdi...

 

 

Ölməz şairin 110 illiyi münasibətilə “Biblioqrafiya” kitabı və elektron məlumat bazasının təqdimatı

 

Oktyabrın 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Səməd Vurğun. Biblioqrafiya” kitabının və “Azərbaycanın Xalq şairi Səməd Vurğunelektron məlumat bazasının təqdimatı keçirildi. Biblioqrafiya Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görüb.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirdi ki, bu il görkəmli şairin 110 illiyi ilə əlaqədar müxtəlif səviyyələrdə yubiley tədbirləri keçirilir. Tədqim olunan kitabelektron toplu da kitabxananın yubileyə töhfəsidir.

“Səməd Vurğun. Biblioqrafiya” kitabına ön sözün müəllifi, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib edilən nəşrin əhəmiyyətindən danışdı. Bildirdi ki, uzun axtarışların, gərgin zəhmətin nəticəsi olaraq ərsəyə gələn bu fundamental biblioqrafik göstəricidə 1965-ci ildə çap edilən biblioqrafiya da daxil olmaqla şairin ədəbi-bədii və ictimai fəaliyyəti əhatə olunub. 1924-2016-cı illər üzrə faktların yer aldığı nəşr tamamilə yenidən işlənib, təkmilləşib, yeni bölmələr və yarımbölmələr əlavə edilib: “Azərbaycan, rus və digər xarici dillərdə biblioqrafiyanın toplandığı kitab Səməd Vurğun irsini, onun ədəbi-bədii fəaliyyətini öyrənməkdə elmi işçilərə və mütəxəssislərə böyük köməklik göstərəcək. Onun ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə təşəkkür edirəm”.

Tarixçi-tədqiqatçı Şəmistan Nəzirli qeyd etdi ki, S.Vurğun şair kimi Azərbaycan xalqının əzizidir. Azərbaycan poeziyasında azərbaycançılıq ideallarının ilk dəfə bütün genişliyi ilə təzahür etdiyi kontekst Xalq şairi Səməd Vurğunun yaradıcılığıdır. Görkəmli şairin Bakıda, bölgələrimizdə heykəlləri var. Milli Kitabxana bu kitabla ona daha bir heykəl ucaldıb.

Tədbirdə filologiya elmləri doktorları Adilxan Bayramov, Şirindil Alışanlı, filologiya üzrə fəlsəfə doktoru, şair Ənvər Əhməd və başqaları çıxış edərək biblioqrafik göstəricinin çox dəyərli vəsait olduğunu bildirdilər.

Tədbirdə “Azərbaycanın Xalq şairi Səməd Vurğunelektron məlumat bazası da təqdim olundu. İştirakçıları şairin həyat və yaradıcılığını əks etdirən “Səməd Vurğun-110” adlı sərgi ilə tanış oldular.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.3.