Xalça Muzeyində Serbiya kilimlərinin sərgisi açılıb

 

 

Gələn il Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçalarının sərgisi təşkil olunacaq

 

Oktyabrın 7-də Azərbaycan Xalça Muzeyində “Əlvan iplərin oyunu. Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisinin açılış mərasimi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalqının mədəni sərvəti olan xalçaçılıq sənəti barədə söz açdı: “Xalçaçılıq Azərbaycan xalqının qədim sənət növüdür. Xalqımız tarix boyu bu gözəl sənəti daha da inkişaf etdirib. İndi Azərbaycan xalçaları dünyanın bir çox muzeylərinin kolleksiyasını bəzəyir”.

Sevda Məmmədəliyeva ölkəmizdə xalça sənətinin qorunması və inkişafına böyük qayğı göstərildiyini diqqətə çatdırdı. Bildirdi ki, xalçaçılığın inkişafı məqsədilə beynəlxalq simpoziumlar keçirilir, tədqiqat işləri aparılır və Azərbaycan xalçaları xarici ölkələrdə sərgilənir: “Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Xalça Muzeyi üçün möhtəşəm bina tikilib. Azərbaycan xalça sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu əlamətdar hadisə Prezident İlham Əliyevin mədəniyyətimizə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub”.

Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək bildirdi ki, 2015-ci ilin aprelində Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlığa dair memorandum imzalanıb. Bu gün açılan sərgi həmin memorandum çərçivəsində keçirilir. Memoranduma əsasən 2017-ci ildə Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan xalçası sərgisi təşkil olunacaq.

Belqrad Etnoqrafiya Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mircana Minkova Bakıya gətirilən kolleksiya - Pirot kilimləri haqqında məlumat verdi. Qeyd etdi ki, Belqrad Etnoqrafiya Muzeyində 1792-1932-ci illərdə toxunan 169 kilim saxlanılır. Serbiyanın cənub-şərqində yerləşən Pirot şəhəri XVIII-XIX əsrlərdə kilim toxuculuğunun əsas mərkəzi olub.

Mircana Minkova rəhbərlik etdiyi muzeyin tarixi barədə də danışdı. Sonda tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Xalça Muzeyində “Əlvan iplərin oyunu. Belqrad Etnoqrafik Muzeyinin kolleksiyasından Pirot kilimləri” sərgisi noyabrın 6-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.4.