Azərbaycanda Rusiya kinosu günləri başlanıb

 

 

Beş gündə beş film nümayiş olunacaq

 

Oktyabrın 10-da Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “KinofestProdüser Mərkəzinin dəstəyi ilə Rusiya kinosu günlərinin açılışı oldu.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirdi ki, Azərbaycanda Rusiya kinosu günləri layihəsi artıq 3-cü dəfədir gerçəkləşir. Buna səbəb isə ötən layihələrə tamaşaçıların yaxından maraq göstərməsidir.

Rusiyanın tanınmış aktyorrejissoru, Xalq artisti Yuri Vasilyev bildirdi ki, bu dəfə də proqrama müxtəlif janrlarda filmlər daxil edilib. Detektiv-triller, komediya, hərbi-tarixi, dram, fentazi mövzusunda olan filmlər bakılı kinosevərlərin zövqünü oxşayacaq. Rejissor həmçinin əlavə etdi ki, təqdim edilən filmlər son dövrdə rusiyalı kinematoqrafçılar tərəfindən lentə alınan və müasir baxışları özündə əks etdirən ekran əsərləridir. O, özünün yeni filminin, Rusiyanın tanınmış müğənnisi Dima Bilanın baş rolda çəkildiyi “Qəhrəman”ın Bakıda nümayişindən məmnunluğunu ifadə etdi.

KinofestProdüser Mərkəzininin direktoru Sergey Bragin tədbirin təşkilində göstərdiyi dəstəyə görə Rusiyanın Mədəniyyət Nazirliyinə və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycanda reallaşan ilk Rusiya kinosu günləri zamanı tamaşaçılarda bu qədər maraq doğuracağına inanmırdıq. İldən-ilə zalda tamaşaçı sayının çoxluğu bizləri sevindirir. Tədbirin Bakının ən tanınmış, ənənəsi ilə seçilən kino mərkəzində baş tutması isə gözəl hadisədir.

Sonra rejissor Renat DavletyarovunXalis incəsənətfilmi nümayiş olundu. Qeyd edək ki, şəhərimizin sakinləri qonaqları oktyabrın 11-də “Qəhrəman” (rejissor Yuri Vasilyev), oktyabrın 12-də “O əjdahadır” (rejissor İndar Cendubayev), oktyabrın 13-də “Bizim qəbiristanlıqdan olan oğlan” (rejissorlar İlya Çijikov, Anton Çijikov), oktyabrın 14-də isəQutu” (rejissor Edvard Bordukov) filmlərinə baxa biləcəklər. Filmlər Nizami Kino Mərkəzinin böyük zalında hər gün saat 18.30-da nümayiş olunur. Giriş pulsuzdur.

 

L.Azəri

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.4.