Bölgələrdən kitabxana xəbərləri

 

 

Qazax rayon Mərkəzi kitabxanasında ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun 125 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, Oxuculara xidmət şöbəsinin işçisi İradə Hacıyeva, Metodikabiblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, Mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova Qazax torpağının yetirməsi olan F.Qayıbovun həyatı və döyüş yolu haqqında danışıblar. Qeyd olunub ki, rayonun girişində, Bakı-Qazax magistral yolunun kənarında F.Qayıbovun xatirəsinə təyyarə abidə kompleksi ucaldılıb.

Tədbirdə şəhər 1 və 4 saylı məktəblərin şagirdləri vətən və qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər. “Unudulmuş qəhrəman Fərrux ağa Qayıbov” adlı sənədli filmə baxış keçirilib.

* * *

 

Şabran rayon MKS-nin 15 saylı Günəşli kənd kitabxanası “Açıq kitabxana”, “Nağıl otağı” və s. layihələrlə bağlı tədbirlər keçirir, kitabxanaya gəlmək imkanı məhdud olan müharibə veteranı, əlil, yaşlı insanlara evlərində səyyar xidmət göstərir. Bugünlərdə kənd məktəbində “mütaliə həftəsi” də təşkil edilib.

 

* * *

Yardımlı rayon Mərkəzi kitabxanası tərəfindən rayon Mərkəzi xəstəxanasında kitab guşəsi yaradılıb. Xəstəxana işçilərinə və xəstələrə kitab xidməti göstərilir, yaşlı və ağır xəstələr üçün kitabxana işçiləri tərəfindən kitablar oxunur.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.5.