Doğma yurdun yorulmaz tərənnümçüsü

 

 

Şair Ənvər Əlibəylinin 100 illiyinə həsr olunmuş gecə

 

Oktyabrın 7-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair, tərcüməçi, ictimai xadim, jurnalist Ənvər Əlibəylinin (1916-1968) anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Yubiley gecəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

 

Tədbirdə şairin həyat və yaradıcılığından danışıldı, şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.

Bildirildi ki, 52 il ömür yaşayan şair əsərləri ilə XX əsr poeziya çələngimizə gözəllik bəxş edib. Vətən torpağının füsunkar təbiətindən ilhamlanan gözəllik şairinin həzin şeirlərinə Qara Qarayev, Rauf Hacıyev, Cahangir Cahangirov, İbrahim Topçubaşov, Səid Rüstəmov, Hökümə Nəcəfova və başqaları yaddaqalan mahnılar bəstələyiblər. “Azərbaycan”, “Sevgilim”, “Gəlmədin”, “İlk məhəbbətim”, “Xəzərim”, “Qəşəng qızlar”, “Narınc”, “Hamıdan göyçək”, “Söz olmasaydı” və s. mahnılar bu gün də müğənnilərimizin repertuarını bəzəyir.

Vurğulandı ki, şair heç nə yazmasaydı belə, təkcə “Azərbaycan” və “Qaranquş” şeirləri onun ədəbiyyat tariximizdə qalması üçün bəs edərdi. Bəstəkar Rauf Hacıyevin “Azərbaycan” şeirinə bəstələdiyi mahnı musiqisevərlərin dilinin əzbəridir. Mahnını Xalq artisti Rəşid Behbudovun ifasında dinləyərkən xəyalında yurdumuzun təbiət mənzərələri: yaşıl yamacları, sıx ormanları, bar-bərəkətli çölləri canlanır. Bir sözlə, Ənvər Əlibəyli Vətən torpağının yorulmaz tərənnümçüsü idi.

İnsan qəlbinin zənginliklərini nəzmə çəkən müəllif qəlb şairinə çevrilib. Bu səbəbdən də sözlərinə bəstələnən mahnılar ürəkləri fəth edir.

ŞairinQaranquş”, “Sənin adınla”, “İlk məhəbbət”, “Elə xoşbəxtəm ki...”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri” və s. adlı 8 kitabı işıq üzü görüb. O, eyni zamanda tərcümə ilə də məşğul olub. Görkəmli rus şairləri A.Puşkin, N.Nekrasov və başqalarının əsərlərini dilimizə tərcümə edib.

İkinci Dünya müharibəsinin iştirakçısı olan Ə.Əlibəyli ağır döyüşlərin birində yaralanıb və ordudan tərxis olunub. “Ədəbiyyat qəzeti”nin redaktoru, “İnqilab və mədəniyyət” jurnalında şöbə müdiri, Azərbaycan RadioTeleviziya Verilişləri Komitəsinin sədri (1964-1968) vəzifələrində çalışıb. Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilib. “Bəxtiyar”, “Qara daşlar”, “Qızmar günəş altında” və digər filmlərdə səslənən mahnı mətnləri isə ona əbədiyaşarlıq qazandırıb.

Tədbirdə şairin vaxtilə öz dilində səslənmiş şeirləri, eləcə də onun haqqında xalq şairləri Nəbi Xəzri və Qabilin fikirlərinin yer aldığı lent yazıları təqdim olundu. “Elə xoşbəxtəm ki...”, “Mən niyə donmadım?”, “Yaxın və uzaq”, “İnsanlara lazımam”, “Sənin vurğununam, bahar”, “Mən səni çox sevirəm...”, “Dünya”, “Qayalar”, “Dənizə alqış” və “Gülmək istəyirəm” şeirləri səsləndirildi.

Gecədə xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova və digər müğənnilərin ifasında şairin şeirlərinə bəstələnmiş “Sevgilim”, “Axı mən neyləmişəm?”, “Bir vaxt uşaq idik, “dostdedin mənə”, “Bahar sənsiz”, “Çiçək kimi”, “Azərbaycan” və digər mahnılar ifa olundu.

Tədbir iştirakçılarına şairin sözlərinə yazılmış mahnılardan ibarət disk hədiyyə edildi.

Sonda şairin qızı Şəfəq Əlibəyli çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, digər qurumlara dərin təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.7.