Görkəmli bəstəkar Oqtay Rəcəbovun 75 illiyi qeyd olundu

 

 

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar, professor Oqtay Rəcəbovun 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Oqtay Rəcəbovun həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, musiqi sahəsində əvəzsiz xidmətləri olanpedaqoq fəaliyyəti ilə də diqqəti cəlb edən sənətkar parlaq istedad sahiblərindəndir. Pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov onlarca monoqrafiya, dərslik, dərs vəsaiti və tədris proqramının müəllifidir. Onun bu əsərləri konservatoriya tələbələri, uşaq musiqi məktəbləri, pedaqoji kolleclərin musiqi fakültələrinin şagirdləri üçün dəyərli dərs vəsaitidir.

Qeyd olundu ki, O.Rəcəbovun bəstəkarlıq fəaliyyətindən söhbət açarkən dinləyicilərin, tamaşaçıların rəğbətini qazanan mahnılarına xüsusi diqqət yetirmək lazım gəlir. OnunAnam Azərbaycanım”, “Nəğmələr”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?” və digər qəlboxşayan mahnıları bəstəkarın fitri istedadının parlaq nümayişidir. Müəllifin müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynayıb. Bəstəkar 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov bəstəkarın çoxşaxəli yaradıcılığı ilə yanaşı, onun pedaqoji fəaliyyətindən söz açdı. Bildirdi ki, bəstəkar hələ gənclik illərindən fizika sahəsi ilə bərabər musiqi ilə də məşğul olub. İxtisasca fizik olmasına baxmayaraq, sənətkarın parlaq zəkası, bu sahəyə olan sevgisi onu bütövlükdə musiqiyə bağlayıb. Onun yaratdığı nəğmələr hər zaman sevilərək ifa edilir və dinlənilir. Bu nəğmələr içərisində “Necə unudum səni” mahnısı Oqtay Rəcəbovun mahnı yaradıcılığının şah əsəridir. Bu mahnının ilk ifaçısı sevimli müğənnimiz Flora Kərimova olub. Oqtay Rəcəbov təkcə bu bənzərsiz nəğməni yaratsaydı belə, yenə ürəklərə yol tapacaq, yaşayacaqdı. Bənzərsizlik isə Oqtay Rəcəbovun bütün yaradıcılığına xas olan bir xüsusiyyətdir.

Eksperimental musiqi proqramları müəllifi kimi tanınan bəstəkar-pedaqoq bu istiqamətdə işlərini bu günuğurla davam etdirir. Onun bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010-cu illərdə ümumtəhsil və musiqi məktəbləri üçün 16 addaMusiqi”, “Musiqi ədəbiyyatı” dərsliyi, “Fortepianoda çalmaq üçün müntəxəbat” və “Elementar musiqi nəzəriyyəsi” dərs vəsaitləri nəşr olunub.

Yubiley gecəsi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə bəstəkarın əsərlərindən ibarət musiqi kompozisiyalarının səsləndirilməsi ilə davam etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.7.