QubadaAlma bayramı”na xarici ölkələrdən də qonaqlar qatılıb

 

 

Oktyabrın 8-də QubadaAlma bayramı” keçirilib. 2012-ci ildən etibarən ənənəvi olaraq təşkil edilən tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında gerçəkləşib.

 

Bayram tədbirinə Milli Məclisin deputatları, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, bir sıra nazirliklərin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, 20-dək xarici ölkə nümayəndələri, diplomatlar, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıb.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Sonra Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qruplarının, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib.

Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

 

 

 

 

Tədbirə qatılan xarici ölkə nümayəndələri mərasimdə təqdim olunan kompozisiya və stendləri maraqla izləyib, almadan hazırlanan müxtəlif təamları dadıblar.

Alma bayramı”nda qubalı bağbanlar arasında ən böyük alma nominasiyası üzrə qalib də müəyyənləşib.

Quba Turizm İnformasiya Mərkəzinin təşkil etdiyi stend və sərgi də tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sərgidə mərkəz tərəfindən hazırlanan bukletlər, kitabçalar, tur proqramları, disklər, açıqca və s. nümayiş etdirilib, mərkəzin fəaliyyəti haqqında məlumat verilib. Stenddəki nəşrlər, reklam və təbliğat məhsulları iştirakçılara paylanıb.

Alma bayramı” incəsənət ustalarının konserti ilə başa çatıb.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.9.