Azərbaycandakı və Gürcüstandakı alman irsi sənədli filmdə əksini tapacaq

 

 

Mədəniyyət və Turizm Nazirliyində film çəkilişləri ilə bağlı görüş keçirilib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 avqust 2016-cı il tarixində “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncam imzalayıb.

 

Almaniya, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyi UNESCO-nun 2016-2017-ci illər yubileylər proqramına daxil edilib və təşkilat səviyyəsində qeyd olunacaq.

Bununla bağlı alman kinematoqrafçıları tərəfindən Azərbaycan və Gürcüstanda mövcud olan alman irsi haqqında sənədli filmin çəkilişinə hazırlıq görülür. Çəkilişlərin aparılması məqsədilə regiona gələn kinorejissor Fridhelm Brükner, həmkarları Ortvin Henniq, Gunter KonradGürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tseretelli oktyabrın 6-da Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın yanında təşkil olunmuş görüşdə iştirak ediblər.

F.BrüknerO.Henniq çıxış edərək Azərbaycanın qərbində 200 il bundan əvvəl məskunlaşmış alman köçkünlərinin tarix və mədəniyyətinin qorunması və gələcək nəsillərə çatdırılmasında mühüm işlərin həyata keçirilməsinə görə Azərbaycan xalqına və dövlətinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sevda Məmmədəliyeva qeyd edib ki, üç ölkənin - Almaniya, Azərbaycan və Gürcüstanın tarixinə həsr olunmuş bu filmin çəkilişi xalqlarımız üçün böyük əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Azərbaycanda tarixən bərqərar olmuş multikultural mühit və tolerantlıq bu filmdə öz əksini tapacaqalman ictimaiyyətinə çatdırılacaq.

Nazir müavini çəkilişlərlə bağlı tövsiyələr verib, filmə əlavə arxiv və fotomaterialların daxil edilməsinin vacibliyini bildirib.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.10.