Ayrılarmı könül candan...

 

 

Ölməz şair Səməd Vurğunun 110 illik yubileyi qeyd edildi

 

Oktyabrın 13-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi. Yubiley gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri iştirak edirdilər.

 

Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində Səməd Vurğunun şeir kitablarının nümayiş olunduğu sərgi ilə tanış oldular.

Yubiley mərasimi şairin ömür yolunu əks etdirən videoçarxın nümayişi ilə başlandı.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səməd Vurğunun həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətlərindən danışdı: “Xalq şairi Səməd Vurğunun adı, şəxsiyyəti, yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti, bugünkü müstəqilliyimizin ideoloji əsasında dayanan azərbaycançılıq məfkurəsi ilə birbaşa bağlıdır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev böyük şairə həmişə yüksək qiymət vermiş, onun “Azərbaycan” şeirinin məşhur misralarını yüksək kürsüdən xüsusi hissiyyatla söyləmişdir. “Azərbaycan” şeiri Səməd Vurğun yaradıcılığının uvertürası, doğma Vətənin möhtəşəm poetik obrazıdır. Azərbaycanın xalq yaradıcılığı, şifahi söz sənəti Səməd Vurğun poeziyasının qayəsini təşkil edir. O, xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnmiş, yüksək poetik vüsəti və dərin idrakı ilə XX əsr Azərbaycan şeriyyətini cilalamışdır. Beləliklə, Azərbaycan şeirində Səməd Vurğun poeziya məktəbi formalaşmışdır”.

Nazir vurğuladı ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatını dərindən bilirondan yetərincə bəhrələnirdi: “Səməd Vurğunun yaradıcılığına Azərbaycanın mütəfəkkir şairi, dahi Nizami Gəncəvi irsininmühüm təsiri olub. O, NizamininLeyli və Məcnun” poemasını ana dilimizə çevirmiş, “XosrovŞirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” mənzum dramını yazmışdır. Şair ən qüdrətli əsərini - “Vaqif” dramını XVIII əsrin böyük söz ustadına həsr etmişdir. Ədibin uzun illər teatr səhnəsində oynanılmış “Vaqif” dramı bir çox görkəmli teatr xadimlərinin yetişməsi üçün təkan olub”.

 

 

 

 

Əbülfəs Qarayev onu da bildirdi ki, Səməd Vurğun dünya ədəbiyyatının bir sıra nümayəndələrinin əsərlərini Azərbaycan oxucusuna tanıdıb. O, A.S.PuşkininYevgeni Onegin” poeması, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin bir hissəsi, Taras Şevçenko və digər şairlərin bir çox şeirlərini də dilimizə böyük ustalıqla tərcümə etməklə xalqlararası ədəbiyyat və sənət dostluğuna öz töhfəsini vermişdir. Qeyd olundu ki, Səməd Vurğun müasir və tarixi-əfsanəvi mövzularda da bir çox dəyərli poemalar yazmışdır. “Ölən məhəbbət”, “Aslan qayası”, “Talıstan”, “Üsyan”, “Bəsti”, “Ayın əfsanəsi”, “Bulaq əfsanəsi” buna misaldır. Sonralar bir-birinin ardınca şairin qələmə aldığı “Bakının dastanı”, “Zəncinin arzuları”, “Muğan”, “Köhnə dostlar”, “Aygünkimi misilsiz əsərləri ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Nazir vurğuladı ki, böyük şair həmçinin bir sıra məsul vəzifələrdə də çalışmış, eyni zamanda bir çox ali mükafatlara da layiq görülmüşdür. Şair Azərbaycan Yazıçılar İttifaqının rəyasət heyətinə rəhbərlik etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranarkən onun ilk akademik heyətinə üzv seçilmiş, akademiyanın vitse-prezidenti kimi Azərbaycanın tarixi, ədəbiyyatı, fəlsəfi fikri, mədəniyyətinin öyrənilməsinə bilavasitə rəhbərlik etmiş, müəyyən təzyiqlərə baxmayaraq, milli varlığımızı dünyaya tanıtmağa çalışmışdır. SSRİ məkanında böyük nüfuz sahibi olan Səməd Vurğun SSRİ Dövlət mükafatı, “Leninordeni, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif olunmuş, Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1956-cı ildə “Azərbaycanın Xalq şairi” adı təsis olunmuş və həmin ildə ilk dəfə Səməd Vurğun bu fəxri ada layiq görülmüşdür.

Qeyd olundu ki, Səməd Vurğunun adının əbədiləşdirilməsinə dövlət səviyyəsində hər zaman xüsusi diqqətlə yanaşılmışdır. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, mərkəzi küçələrdən biri, Azərbaycan Dövlət Rus Dram Teatrı, eləcə də Xəzərdə üzən bir neft tankeriböyük şairin adını daşımaqdadır. Respublikamızın rayonlarında onun adına onlarla məktəb, mədəniyyət evi, küçə və park var. Ümummilli lider Heydər Əliyevin misilsiz xidməti sayəsində 1975-ci ildə Bakıda Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışı olmuş, bir il sonra isə doğma kəndi Yuxarı Salahlıda “Səməd Vurğun poeziya evi” yaradılmışdır.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açdı. Qeyd etdi ki, 1930-1940-cı illər şairin istedadının çiçəklənməsi və yüksəlişi dövrü olub. 1934-cü ildə şairinKönül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunub: “Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirib. Təkcə 1935-ci ildə Səməd Vurğun yeddi poema və yüzədək şeir yazıb. Onun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini yüksək formada tərənnüm edib”.

Bildirildi ki, Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, təşkilatçı və nəzəriyyəçi idi. Şairin elm və sənətin yaddaşında böyük təəssübkeş şair və təşkilatçı kimi əbədi yaşayacağı vurğulandı.

Yubiley tədbiri musiqili-ədəbi proqram ilə davam etdi. Səməd Vurğunun şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.3.