Çağdaş rəngkarlığımız muzey salonunda

 

 

Ölkəmizdə fəaliyyətə başlayan yeni muzeylərdən biri də XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyidir. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan muzey bir ildən artıqdır ki, sənətsevərlərin ixtiyarındadır.

 

Muzeyin ekspozisiyası təsviri incəsənətimizin yüzillik tarixini əhatə edir. Burada dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də sovet dönəmində unudulan sənətkarların əsərləri nümayiş olunur. Sərgi realizm, modernizmpostmodernizm kimi ayrı-ayrı cərəyanlara aid əsərlərdən təşkil olunub. Muzey təsviri incəsənətimizin parlaqsirli dünyası ilə yaxından tanış olmağa imkan yaradır.

Avropa incəsənət ənənələri Azərbaycana hələ XVIII əsrdən nüfuz etməyə başlamışdı. Bu çağdan Şərq təsviri mədəniyyəti ilə Avropa rəngkarlıq ənənələrinin estetik konsepsiyalarının qarşılıqlı qovuşması prosesi baş verirdi. Lakin çağdaş təsviri incəsənət məktəbinin formalaşmasında ciddi və önəmli addım XX yüzilliyin əvvəllərinə təsadüf edir. Bakıda 1920-ci ildə açılan Rəssamlıq məktəbi milli rəngkarlıq sənətinin formalaşmasının əsasında duran istedadlı rəssamları xalqımıza bəxş etdi. Əsas üslubu sosialist realizmi olan ideoloji incəsənətin, hətta diktə olunanciddi tənzimlənən çərçivələrində belə bu rəssamlar ürəklərindən gələn əsərləri yarada bilirdilər.

Milli rəngkarlıq məktəbinin inkişafında növbəti mərhələ 50-ci illərin ikinci yarısındakı SSRİ-də “mülayimləşmə” dönəminə təsadüf edir. Bu vaxt dünyada gedən bədii proseslərdən sıx “dəmir” pərdə ilə ayrılmış ölkədə qısa müddətdə nisbi azadlıq dövrü başlayır. Yaranmış azad məkanda rəssamlar bütünlüklə başqa bədii-plastik məsələləri həll etməklə Azərbaycanda avanqardizm üçün yol açırdılar. Rəsmi mədəniyyəti tənzimləyən dövlət strukturlarının təsir dairəsi xaricində qalmış bu rəssamlar azadlıq ruhuna malik əsl rəngkarlıq sənətini yaradırdılar. Onların əsərləri müasir təsviri incəsənətin əsasını qoydu. Bu sənətkarların yaradıcılıq yoluAbşeron rəngkarlıq məktəbi” adını aldı.

80-ci illərin sonu Azərbaycan təsviri incəsənət tarixində dönüş dövrü oldu. SSRİ-nin dağılmasından sonra postsovet məkanının bədii həyatında sürətli, indiyədək mümkün olmayan dəyişikliklər baş verdi. Azərbaycan rəssamları az müddətdə Qərb təsviri incəsənətinin yeni istiqamətlərini özləri üçün kəşf etdilər.

XXI əsrdə gənc rəssam nəslinin yolu bir o qədər çətin deyil. Bu gün Azərbaycanda incəsənətin inkişafı üçün bütün imkanlar mövcuddur. Çağdaş dönəm rəssamları yeni və gözlənilməz yaradıcılıq təfəkkürünə malikdirlər.

Muzeydə XX yüzildə yaşamış tanınmış rəssamlarımızın əsərləri nümayiş olunur. Burada ən yaşlı əsər Bəhruz Kəngərlinin ötən əsrin əvvəllərində yaratdığı kiçik tablodur. Ondan başqa, XX yüzil rəssamlıq sənətimizin ustadları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Xalidə Səfərova, Mahmud Tağıyev, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Nadir Əbdürrəhmanov, Nadir Qasımov və başqalarının əsərləri ekspozisiyada yer alır. Eləcə də çağdaş Azərbaycan rəssamlığını təmsil edən Eldar Qurban, Hüseyn Haqverdi, Altay Sadıqzadə, Qəyyur Yunus, Əliyar Əlimirzəyev, Əsmər Nərimanbəyova, Müseyib Əmirov, Ucal Haqverdiyev və başqalarının əsərləri sərgilənir.

Bu ilin avqustunda muzeydə “Rəssamla görüş” layihəsi başlayıb. Layihənin məqsədi tamaşaçıların tanınmış rəssamların həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, onlarla canlı ünsiyyət qurmaqdır. Artıq layihə çərçivəsində iki tədbir keçirilib.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.8.