Nizaminin "Sirlər xəzinəsi"nin özbəkcə nəşri təqdim olunub

 

 

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" kitabının ("Maxzan ul-asror") təqdimatı keçirilib. Kitab ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Kamalak" nəşriyyatında çap olunub.

Kitabı orijinaldan özbək dilinə Özbəkistanın Xalq şairi Camal Kamal çevirib. Nəşrin redaktoru filologiya elmləri doktoru Erqaş Oçilovdur.

Təqdimat mərasimində Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin prorektoru, professor Abulxay Sabirov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və digər çıxış edənlər nəşrin əhəmiyyətindən danışıblar. Kitabın böyük söz ustadının 875 illik yubileyinə töhfə olduğu vurğulanıb. Camal Kamalın tərcüməsi yüksək qiymətləndirilib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında Nizami Gəncəvinin “Xəmsə"si (“Sirlər xəzinəsi”, “XosrovŞirin”, "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemaları) özbək dilində çap edilib. Kitabı orijinaldan Olimcan Buriyev tərcümə edib. Nəşrin redaktoru və “ön sözün müəllifi akademik Aziz Kayumovdur.

Bununla yanaşı, Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilinə tərcüməsinə dair Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Xalq şairi Camal Kamal arasında 2015-ci ildə razılıq əldə edilib və tərcümə işləri 2018-ci ilə qədər tamamlanmalıdır.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.15.