Qonaqların «Qohumlar»ı, bir də bizimkilər...

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyası Kalmıkiya Milli Dram Teatrının dostluq və əməkdaşlıq əlaqələri barədə oxucularımız məlumatlıdır. Bu əməkdaşlıq ötən həftə daha bir yaradıcılıq layihəsi ilə yadda qaldı.

 

Bu il 80 illiyini qeyd edən kalmık teatrı Bakıya iki səhnə əsəri - Baatr Basanqovun «Qohumlar» (böyüklər üçün) və Yuri Şyutskinin «Üç donuz balası” uşaq tamaşası ilə qastrola gəlmişdi.

Hələ ötən mövsümdə Gənc Tamaşaçılar Teatrında kalmık teatrının baş rejissoru, Rusiyanın Əməkdar incəsənət xadimi Boris Manciyev milli dramaturgiyalarının banisi B.Basanqovun «Təəccüb doğuran hadisə» əsəri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin səhnə üçün işlədikləri «Qohumlar» tamaşasına quruluş vermişdi. Tamaşa-müzikl istər teatr ictimaiyyəti, istərsə də teatrsevərlər tərəfindən böyük maraqla qarşılanmışdı.

Bu əsər kalmık teatrının da repertuarında olduğu üçün tərəflər onu budəfəki qastrolda hər iki teatr kollektivinin birgə tamaşası kimi təqdim etməyə qərar vermişdilər. Belə razılığa gəlinib ki, Bakı tamaşasında əsas rolları kalmık aktyorları, noyabrda Elistada oynanılacaq tamaşada isə azərbaycanlı aktyorlar ifa etsin.

* * *

Qonaqlarımızın əsas rolları oynadığı «Qohumlar» qastrol çərçivəsində iki dəfə (13 və 15 oktyabr) göstərildi. Hər iki tamaşaya eyni rejissorun quruluş verdiyini, hər iki tamaşada eyni prinsipli bədii tərtibat və eyni musiqidən istifadə edildiyini nəzərə alsaq, oxşar səhnə əsərlərinə baxacağımızı güman etmək olardı. Amma fərqlər var idi.

Kalmık aktyorların bizimkilərdən fərqi bunda idi ki, onlar müzikldəki bütün mahnıları mikrofonla canlı ifa edirlər, bizim tamaşada isə mahnıları aktyorlar özləri, amma fonoqramla oxuyurlar. Əslində dramatik teatr aktyorlarının səhnədə canlı mahnı oxuya bilməməsi qəbahət sayılmır. Üstəlik, Gənc Tamaşaçılar Teatrının binası akustika baxımından səhnədə mikrofonsuz canlı ifa üçün əlverişli deyil. Digər tərəfdən, hər hansı tamaşada aktyor əgər müğənni və ya vokalçı obrazında deyilsə, onun əlinə mikrofon alıb oxuması tamaşanı səhnə əsəri olmaqdan çıxarıb konsert nömrəsinə çevirir. Təbii ki, bu fikir bir qədər mübahisəlidir, amma hər halda salonda yaranan münasibət belədir.

Aktyorların ifasına gəlincə, hər iki tamaşaya baxmış tamaşaçıların fikrincə, bizim «Qohumlar» məhz aktyorların ifasına görə daha koloritlidir. Məsələn, baş rolun - Dorcinin ifaçısı Oçir Takayev Şövqü Hüseynova, Kitya Konayeva (Amulanqa) Naibə Allahverdiyevaya, Sergey Musiryayev (Nyamin) Qurban İsmayılova məhz koloritli və inandırıcı ifa baxımından uduzurdular. Əsas qəhrəmanlar KemaErencenin dostları, onların yaşıdları Buuva (Saqlara Qoydıkova) və Bosxomci (Sanci Pursyakov) rollarının ifaçıları isə, sadəcə, yaş baxımından obraza uyğun gəlmədiklərindən səhnədə gənclərin çıxışı zamanı dissonans yaranırdı. Bununla belə, rus dilində oynanılan, mahnıları kalmık dilində oxunan, kütləvi səhnə iştirakçılarının və hətta qonaqların da Azərbaycan dilindəki replikaları ilə bol tamaşa əvvəldən sona qədər eyni şux tempdə keçdi...

* * *

Bir zamanlar Azərbaycan teatr tarixində bu cür birgə tamaşaların oynanıldığına dair müəyyən uğurlu faktlar var. Sadəcə, son illər belə layihələrə rast gəlinmədiyindən «Qohumlar»ın bu təqdimatı eksperiment təsiri bağışladı. Əslində, bu cür layihələrə mütləq meydan verilməlidir ki, aktyorların potensialı, kimin kimdən hansı cəhətinə görə fərqləndiyi və üstün olduğu üzə çıxsın.

Tamaşadan sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov dörd gün davam etmiş qastrol səfəri üçün qonaqlara təşəkkür etdi, onlarla müvəqqəti sağollaşdığını, noyabr ayında Kalmıkiya Milli Dram Teatrının 80 illik yubileyində sənət dostlarının yanlarında olacaqlarını bildirdi.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov da nümayiş etdirilən tamaşalara görə qonaq teatra təşəkkürünü ifadə etdi.

Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlığını bildirərək ElistadaQohumlar” tamaşasının Azərbaycan versiyasını səbirsizliklə gözlədiklərini vurğuladı.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.6.