“Xatirələrim” sərgisi romantika saçır

 

 

Oktyabrın 14-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin rəngkarlıq əsərlərindən ibarət “Xatirələrim” adlı sərgisinin açılışı oldu. Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkil etdiyi sərgiyə çoxlu sayda sənətsevər qatılmışdı.

 

ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında İntiqam Ağayevin həyat və yaradıcılıq yolundan söz açdı. Qeyd etdi ki, rəssam Qarabağ savaşı başlayandan silaha sarılaraq Vətənin müdafiəsinə yollanıb, döyüşdən-döyüşə atılıb. Bununla belə, yaradıcılıq istəyi onu tərk etməyib, rəssam ən çətin anlarında öz sevimli sənətilə məşğul olub.

Xalq rəssamı Altay Hacıyev İ.Ağayevi sərgi münasibətilə təbrik etdi, ona yeni yaradıcılıq uğurları arzuladı.

ARİ-nin katibi Rafiq Kərimov rəssama həsr etdiyi şeirini oxudu.

Rəssamın döyüş dostu Əlisəfa Mehdiyev onunla bağlı xatirələrini danışdı, İ.Ağayevin həm sənətkar, həm də insan kimi keyfiyyətlərini yüksək dəyərləndirdi.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyeva rəssamın yaradıcılıq yolundan bəhs etdi, sərgilənən əsərlər haqqında xoş sözlər dedi.

ARİ-nin sədri F.Xəlilov rəssama diplomyeni əsərlər yaratmaq üçün kətan hədiyyə etdi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Salonda rəssamın 50 əl işi nümayiş olunur. Əsərlərin hamısı impressionizm üslubundadır. Onun başlıca mövzuları Abşeron təbiəti, Xəzərin mavi suları və xalq həyatının müxtəlif məqamlarıdır. Görünür, 50 yaşlı rəssamın yaddaşında qalan keçmiş hadisələr uzun illərdən sonra “Xatirələrim” adlı sərgiyə çevrilib. Mövzuların hamısı həyatdan gəlir və öz romantikliyi ilə diqqəti çəkir. Müəllif əsərlərində daha çox təmiz rənglərdən istifadə edir ki, bu da tamaşaçını həyəcanlandırır, duyğulandırır.

           

 

 

Bildirək ki, İntiqam Ağayev 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. ARİ-nin üzvüdür. Yaradıcılıq imzası “Asiman”dır. Əsərləri ölkə qalereyalarında və özəl kolleksiyalarda saxlanılır.

Sərgi bir həftə davam edəcək.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.7.