Balakən və Zaqatalada gənc mədəniyyət işçiləri ilə görüşlər

 

 

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) təşkilatçılığı ilə Balakən rayonunda gənc mədəniyyət işçiləri ilə görüş keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə MEMM-in direktoru Asif Usubəliyev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin prioritetlərindən söz açıb, regionlarda mədəniyyət müəssisələrinin nüfuzunun artırılmasında gənc mədəniyyət işçilərinin rolunu diqqətə çatdırıb.

Bildirilib ki, görüş Mədəniyyət və Turizm Nazirliyinin dekabr ayında gənc mədəniyyət işçilərinin fəaliyyətinə dair kollegiya iclasına hazırlıq məqsədi daşıyır. İndiyədək bu qəbildən görüşlər Lerik, Masallı, Lənkəran, Cəlilabad və Astara rayonlarından gənclərin iştirakı ilə keçirilib.

Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şəfəq Hacıyeva, MEMM-in əməkdaşları Aygün Balabəyova, Pərvanə Hüseynova, Toğrul Hidayətzadə və Nurəddin Babayev çıxış ediblər. Mərkəzin layihələri, gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun fəaliyyəti barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

* * *

Oktyabrın 14-də isə Zaqatala rayonunda Heydər Əliyev mərkəzində MEMM-in təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunub.

Tədbirə Qax və Balakən rayonlarının mədəniyyət işçiləri də qatılıb. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva mədəniyyət sahəsində gənclərin rolundan bəhs edib. MEMM-in direktoru Asif Usubəliyev yerlərdə mədəniyyət işçilərinin peşəkarlığının artırılmasının zəruriliyini vurğulayıb.

Müzakirələrdə gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı çətinlikləri qeyd edib, onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.7.