Can könül...

 

 

bir sağlıq de, bizim gözəl şairimiz Əhməd Cəmil barədə...

 

...Çoxdandır çıxdaş edib, yazı masamın daxılına atdığım can qələmim, bu yazıda sən özün irəli dur. Başdan-başa dədə-baba ədəb-ərkanıyla yaşamış, xəlqi düşüncə, el-obavi təhkiyəylə yazıb-yaratmış, rəsmi vəzifələrdə belə millilik görəvilə çalışmış bu sənətkar haqda balaca bir qəzetnamə öygümü səninlə yazaq; artıq, sevgi-məhəbbətə də müdaxilə etməkdə olan texnikanın kompüter adlı “mirzə”silə yox...

 

Yazaq ki;

 

Can nənə, bir nağıl de...” şeirilə qanlı “1941-45” dövrünün bütün nənə-nəvələrinin təskinlik himnini yaratmış Əhməd Cəmil 20 oktyabr 1913-cü ildə qədim, doğma İrəvan quberniyasının eyniadlı şəhərində kustar sənətkar ailəsində doğulub. Dörd yaşının tamamında atasını itirən, ibtidaiorta təhsilini çətinliklər əlindən köçdükləri Gəncə məktəblərində alan, yeddinci sinif şagirdiykən yazdığı “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunduqdan bir müddət sonra müxtəlif mətbu orqanlarda (“Dağıstan füqərası”, “Gənc bolşevik”, “Hücum”, “İnqilab və mədəniyyət” və s.) vaxtaşırı çap olunan Əhməd Bakıya gələrək təhsilini Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində davam etdirib. Şəmkir rayonunda, Gəncədə ortaali məktəb müəllimi, metodist, 1940-cı ilin sentyabrından Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib işləyib. Müharibə illərində Şimali Qafqaz və Krım cəbhə qəzetlərində çalışıb, tərxis edildikdən sonra müxtəlif qəzet-jurnallarda çalışıb. Səhhətilə bağlı bir müddət işdən kənarlaşmağa məcbur olan sənətkar 1948-ci ildə Yazıçılar İttifaqı idarə heyətinin məsul katibi seçilib, üç il sonra “Ədəbiyyat qəzeti”ndə redaktor, ardınca “Azərnəşr”də baş redaktor, respublika Mədəniyyət Nazirliyində məsləhətçi, “Azərbaycan” jurnalının redaktoru, “Azərnəşr”in (1962-63), “Gənclik” nəşriyyatının (1964-67) və “Ulduz” jurnalının (1973-77) baş redaktoru vəzifələrində işləyib. Gözəl adları (“Yadigar”, “Əsgər qardaşıma”, “Şaxta baba”, “Təməl daşları”, “Can nənə, bir nağıl de”, “Vaxtında gəlmişik bu dünyaya biz” və s.), poetik dad-tamları ilə seçilən iyirmidən çox kitab çap etdirib. Rus, alman, gürcü, Ukrayna, belarus, özbək, tacikbaşqa xalqlara məxsus korifeylərin əsərlərini doğma dilimizə çevirib. Ədəbiyyat, mətbuat sahəsindəki xidmətlərinə görə müxtəlif orden-medallar, Azərbaycan SSR Dövlət mükafatı ilə təltif olunub, 1977-ci il sentyabrın 27-də Bakıda vəfat edib...

Bu qədər “işgüzar ömür” qeydlərindən sonra nə? Obrazlı desək, bir gəzimlik dincəliş “park”ı.

 

Əlbəttə, poeziya!..

 

Gülür günəş, gülür çəmən,

Açır bənövşə, yasəmən,

Pıçıldayır axan sular:

Baharın özgə hüsnü var...

Vurulmuşam bahara mən!

Yaşıl yamacda qumrutək,

Ötür yanıqlı bir tütək.

Haray salır kamançalar:

Al örpək örtdü bağçalar.

Yuyundu şehlə gül-çiçək!

Güləndə axşamüstü gül,

Üfüq geyir narıncı tül.

Yanır hər evdə bir ocaq.

Fərəhlənir oğul, uşaq...

Baxanda şad olur könül.

Yananda göylərin şamı,

Gözəl olur yaz axşamı...

 

Bəli, yaz axşamları gözəl olur. Amma həmin axşamları bu sayaq yaz səhərli ifadələrlə bəzəyəndə daha gözəl olur, deyilmi?..

Vətəninnə”liyi, “necə”liyi, bütün digər nəsnələrdən vacibliyi, müqəddəsliyi hər kəsə bəlli. Bəs onun vəsfini hamımızmı bu sayaq edə bilirik -

 

Ey Vətən, ana Vətən,

Heyranam, sənə, Vətən!

Dupduru göllərin var,

Yamyaşıl çöllərin var:

Dağların baş-başadır,

Düzlərin tamaşadır.

gözəldir qucağın,

Doğma odun, ocağın!..

 

Deyirəm, bu xoş-beş, məstedicipəncərəmənzərələrindən sonra, gözəl şairimizin

bikeflədiciqapısını da açmaq olar:

 

- Ay nənə, bir nağıl de!

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

- Can nənə, de birini .

- Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...

 

Bütün yaradıcılığı boyu bircə poema da yazmamış bu şairin romantik epikliyinin fərqindəsizmi, möhtərəm oxucular?! Sizə elə gəlmirmi ki, janrlığındapoemayazılmamış bu poetik nümunənişeirtutumuna yerləşdirmək çox çətin olacaq? Yox, narahat olmayın, “məsələelə bu həcmdə həll olunacaq:

 

Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı.

- Bəs, ay nənə, atam indi haradadır, görəsən?!

- Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

- Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?..

 

Bir az da ədəbi-tənqidi...

 

Yazırlar ki, dövrün qaynarədəbi ictimaiyyət”inin seçkin simalarından olmuş bu məhsuldar şairin, ləzzətli istedad, “möhür misralarsahibinin adı ədəbi mübahisələrin, hələ dəbdə olan (məşhur “37”) “dosye”lərinin heç birində hallanmır. Vurğulayırlar ki, Əhməd Cəmil haqqında S.Vurğun kimi ustad şairlər, M.Arif kimi görkəmli tənqidçilər ürəkdolusu məqalələr yazıb, poeziyasını yüksək qiymətləndiriblər, çox savadlı, dedikcə kristal bir insan olduğu üçün daim yuxarı vəzifələrə layiq biliblər s. S.Vurğunun təbirincə: “O öz incə rübabında çaldığı nəğmələrlə həyat səadət ordumuzun qəlbinə ilham qüvvət verir, qəhrəmanlarımızın mərd əllərini alqışlayır, həyat azadlıq bayquşlarının törətdiyi dözülməz faciələrin bədii tablosunu verir”.

Böyük Vurğunun bu sözləri ilə, indilər bəzilərinin o dövr poeziyası haqda dediklərisovet dövrünün şairləri zərif hisslərdən, duyğulardan yan keçmişlərkimi fikirlərini müqayisə edərkən Əhməd Cəmilin saysız şeirlərinin məhz birinci qənaətin xeyirinə işlədiyinin şahidi oluruq. Bəli, bu şair, S.Vurğun demiş, insan hiss-duyğularının rəssamı idi. OnunƏmrahın anasışeiri buna parlaq misaldır. Həmin epizodu - su içmək istəyilə yaxınlaşan yolçularıçaşdırıbyanğılarını yaddan çıxaran Hicran xalanın poetikbihuşdar”ı kimi mənalandırmaq olar. Baxaq, görək, bu qarı öz əri haqda nələri necə deyir:

 

Hər gün çöldən gələr yorulmuş, xəstə,

Ləklərə su açar, fikrə gedərdi.

Oturub həyətdə bu taxtın üstdə

Gecə çubuğunu tüstülədərdi.

 

Əmrahdan nişanə odur, bilirsən,

Adı Nüşabədir, noğul deyirəm.

Oğul əvəzidir... hərdən görürsən,

Huşum dağılandaoğuldeyirəm...

 

Əhməd Cəmil çox gözəlliklərdən sonra belə birözəllik yazmışdı:

 

İki mininci ildə,

Gəzəcəkmi sözlərim

Yenə ağızda, dildə?!

İnanıram, bilirəm,

Onda mən olmasam da,

Qəlblərdə qalacağam.

 

Gözəl şairimizin bu umusunu hədəflədiyi tarixçədən 16 il keçmiş oxuduğunuz bu yazıdan sonralar hər il oxuyacağınız neçə-neçə daha yaxşı daha geniş məqalələr göyərəcək...

 

Tahir Abbaslı

 

            Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.13.