Konfranslar beynəlxalq teatr təşkilatlarına inteqrasiyaya təkan verib

 

 

 IV Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində

 

 

Beynəlxalq tədbirlərdə iştirak etdikcə öz teatrımıza daha çox dəyər verirəm

 

IV Bakı Beynəlxalq Teatr Konfransında 30-dan çox xarici ölkəni, eləcə beynəlxalq teatr təşkilatlarını təmsil edən sənətşünaslar, teatr tarixçiləri tənqidçilərlə yanaşı, Azərbaycanın da bu sahədə tanınmış alimləri iştirak edəcək. Mötəbər tədbir ərəfəsində növbəti müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin prorektoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadədir. O, ötən üç konfransın işində fəal iştirak edib. Bugünlərdə isə Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresinə qatılıb.

Söhbətimizə elə həmin tədbirlə bağlı təəssüratlarından başladı.

 

- Artıq neçə ildir ki, Azərbaycan Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının (BTTA) üzvüdür. Görkəmli teatrşünas, elmlər doktoru İsrafil İsrafilov ilə birlikdə assosiasiyanın Belqradda keçirilən 28-ci konqresində ölkəmizi təmsil etdik. Qeyd edim ki, 50 yaşını qeyd edən BTTA-nın bu konqresinin Serbiyanın paytaxtında keçirilməsi təsadüfi deyildi. Bu il həm Belqradda keçirilən ənənəvi BİTEF teatr festivalının 60 yaşı tamam olurdu. Odur ki, biz gündüzlər konqresin iclaslarında iştirak edirdik, axşamlar isə festival tamaşalarına baxırdıq. BİTEF-in gözəl ənənələri var. Hər dəfə festivalın açılışına dünya şöhrətli bir teatr xadimini fəxri qonaq kimi dəvət edirlər. Sentyabrın 25-də Belqrad Milli Teatrında keçirilən açılış mərasiminə Amerikadan dünyaca məşhur aktyor, rejissor, xoreoqraf Robert Uilsonu dəvət etmişdilər. Təsəvvür edin ki, o, səhnəyə çıxanda bütün salon onu ayaq üstə qarşıladı. Şəxsən mən Robert Uilsonu canlı gördüyüm üçün özümü xoşbəxt hiss edirdim.

- Belqrad festivalı sizi daha ilə təəccübləndirdi?

- Açılış günü Çin Rəqs Teatrının tamaşasına baxdıq. Demə, insan vücudu sözdən çox danışa bilərmiş. Hərdən mənə elə gəlirdi ki, aktyorlar skeletsiz, istədikləri hərəkəti asanlıqla yerinə yetirən elastik varlıqlardır. Onların ifasındakı peşəkarlıq heyrət doğuracaq qədər yüksək səviyyədə idi. Ümumiyyətlə, deməliyəm ki, Belqrad çox teatral şəhərdir. Festival ab-havası bütün şəhərdə hiss edilirdi. Tamaşa oynanılan salonların qarşısı adamla dolu olurdu. Bəxti gətirib tamaşaya baxanlar da aktyorları böyük səmimiyyətlə alqışlayırdılar.

- Konqresdə nədən danışıldı?

- Əsas mövzu olaraq dəyişən məkan, həmin məkanda dəyişən aktyor və həmin aktyorda dəyişən ruhdan bəhs edildi. Desəm ki, məsələnin lap dərinliklərinə gedən çıxışlar dinlədik, yalan olardı. Çıxışçıların bəzisi elə teatr tarixinə ekskurs etməklə, ümumi mülahizələr yürütməklə kifayətlənirdilər. Bu gün Qərbdə ənənəvi Çin operası, kabuki teatrı, kölgə teatrı və hind teatrına maraq böyükdür. Avropa teatr bazarında Şərq teatrının “alıcısı” var».

- Amma əslində ənənəvi Şərq teatrına meyl Avropa üçün təzə deyil.

- Elədir. Piter Brukun əsərləri rus dilinə çoxdan tərcümə edilib. Bizlər də oxumuşuq, öyrənmişik. Vaxtilə Piter Bruk bütün bunlardan öz tamaşalarında məharətlə istifadə etmişdi. Bruku tanımayanlar, onun yaradıcılığından xəbərsiz olanlar üçün konqresdə danışılanlar təzə və maraqlı görünə bilərdi. Almaniyadan Erika Fişer adlı bir tədqiqatçı post-modernizmdən yazır, o, maraqlı bir çıxış hazırlamışdı, Barbadan, Qrakovskidən bəhs edirdi, danışdıqca da ekranda slaydlar, görüntülər bir-birini əvəz edirdi. İsrafil müəllimlə bir-birimizlə baxışdıq ki, bu, bizim üçün yeni deyil. Hələ ötən əsrin 70-80-ci illərində Vaqif İbrahimoğlu bütün bunları Bakıda, Tədris teatrında qoyduğu tamaşalarda bizə göstərmişdi. Təəssüf ki, biz onu sovet məkanından kənara çıxarıb dünyaya göstərə bilmədik. Oradaca düşündüm ki, sənətkar üçün müstəqil dövlətin vətəndaşı olmaqdan böyük xoşbəxtlik yoxdur! Ömür vəfa etsəydi, Vaqif yaşasaydı, Azərbaycan dövləti onu dünyaya tanıdacaqdı.

- Yeri gəlmişkən, ərəfəsində olduğumuz IV Bakı Beynəlxalq Teatr Konfransı da müstəqilliyin bir bəhrəsidir.

- Bəli. Bir vaxtlar heç ağlımıza da gəlməzdi ki, Azərbaycanda beynəlxalq səviyyəli belə bir tədbir keçirilə bilər. Lakin artıq dördüncü dəfə paytaxtımız belə bir konfransa ev sahibliyi edəcək və bu artıq göstərir ki, Bakı konfransı adi bir tədbir deyil, nizamlanmış, ardıcıl keçirilən ciddi forumdur. Mən indiyədək keçirilmiş hər üç konfransda iştirak etmişəm, çıxışlarım olub, iclasları da idarə etmişəm. Çıxışları dinlədikcə, ayrı-ayrı ölkələrdən gəlmiş həmkarlarımla söhbətlərdən sonra qəti fikrə gəlmişəm ki, Azərbaycan teatrı dünya teatr prosesindən heç də kənarda deyil. Həmin konfransların sayəsində bizim teatrlar artıq ən nüfuzlu beynəlxalq teatr təşkilatlarına üzvdür. Getdikcə beynəlxalq miqyaslı tədbirlər keçirmək təcrübəmiz artır, münasibətlər qurmaq, özümüzə dəyər vermək bacarığımız cilalanır. Beynəlxalq tədbirlərdə iştirak etdikcə bizim teatra daha çox dəyər verirəm. Həm də bu dəyər vətənpərvərlik hisləri təməlində yox, soyuqqanlı peşəkar olaraq verdiyim dəyərdir.

Budəfəki konfransda «Multikulturalizmteatr münasibətləri» mövzusunda çıxış edəcəyəm. Əslində multikultural mühit həm bizim xalqımızda, həm də teatrımızda həmişə mövcud olub. Bizdə belə münasibət üçün zəmin var. Avropa üçün isə bu, bir növ kampaniyadır. Çıxışımda da bu məqamlara toxunacağam.

Bu gün dünya hər kəsin üzünə açıqdır. Dünyaya çıxmaq, beynəlxalq proseslərə inteqrasiya olunmaq üçün hər cür imkan var. Bizimbu yöndə cəhdlərimiz müsbət nəticə verir. Dövlət siyasəti, ölkə başçısının dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti olmasaydı, biz bu işləri görə bilməzdik.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.6.