Amerikalı Ceffri qardaş, doğum günün mübarək!

 

 

Ötən əsrin 70-ci illərinin əvvəlindəki Amerika şəhərlərini təsəvvür edin. Göydələnləri ilə məşhur şəhərlərin görünüşü, insanların görkəmi, gənclərin maraqları... Çətindirsə, Maykl Duqlası məşhurlaşdıran «San-Fransiskonun küçələri» teleserialını yada salın...

 

O illər Amerikanın Los-Anceles şəhərindəki gənclərin arasında bir oğlan da vardı, amma onu, əksər həmyaşıdlarından fərqli olaraq, nə rok, nə disko, nə də digər populyar musiqilər maraqlandırırdı. Qıvrımsaçlı, genişalınlı bu tələbə məhəllə-məhəllə dolaşaraq adını bilmədiyi bir dağıstanlı mühacirin axtarışına çıxmış, qocanın çaldığı sehrli alətin ifasını dinləyərək ecazkar bir musiqinin sehrinə düşmüşdü. Həmin musiqi Azərbaycan muğamı idi.

Bu gün dünyaya səpələnmiş soydaşlarımızın yaxşı tanıdığı, sevdiyi, hörmət bəslədiyi Amerika Muğam Cəmiyyətinin sədri, tanınmış musiqiçi Ceffri Verbokun Azərbaycan və muğam məhəbbəti o gündən, həmin o ifadan başlayıb.

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Ceffri Verbokun anadan olmasının 65 illiyi münasibətilə «Dostlarla birlikdə» adlı yaradıcılıq gecəsi keçirildi. Gecədə əvvəlcə C.Verbokun Amerikadakı fəaliyyəti barədə sənədli film nümayiş etdirildi. Filmdə onun müxtəlif universitetlərdə tələbələrlə keçirdiyi görüşlərindən fraqmentlər yer almışdı. Azərbaycanın dostu həmin görüşlərdə tar, kamançaudda bizim muğamlarımızı ifa edir, onu heyranlıqla dinləyən gənclərin ölkəmiz, milli musiqimiz barədə suallarına cavablar verirdi.

Gecədə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, Xalq artisti Siyavuş Kərimi yubilyar barədə səmimi sözlərini söyləyərək, 30 ildən bəri dünyada Azərbaycan musiqisini təbliğ edən C.Verbokun xalis amerikalı olduğuna inanmadığını zarafatla əlavə etdi: «O necə amerikalıdır ki, Azərbaycan muğamını öyrənir, təbliğ edir, Azərbaycan dilində danışır, azərbaycanlı xanımla da evlidir». Sonra rektor Milli Konservatoriyanın elmi şurasının qərarı ilə Ceffri Verboka fəxri professor adının verilməsi barədə diplomu yubilyara təqdim etdi.

Diplomat, Azərbaycanın ABŞ-dakı ilk konsulu olmuş Fəxrəddin Qurbanov, «Xəzər» Universitetinin rəhbəri, professor Hamlet İsaxanlı Ceffri Verbokla tanışlıqlarından, onun Azərbaycan üçün gördüyü işlərdən danışdılar. Belə xoş ovqatlı çıxışları isə yubilyarın tar, kamançaudda ifa etdiyi muğam şöbələri, eləcə də onun öz istəyi ilə gənc xanəndələrin muğam üçlüyü ilə çıxışları süslədi.

 

... XXI əsrin ikinci onilliyində Bakını gözlərinizin qarşısına gətirin. Xəyalən Xəzərin sahilində tar musiqi alətini andıran Beynəlxalq Muğam Mərkəzinə ekskurs edin. Görəcəksiniz ki, salon simasına xoş təbəssüm hakim kəsilmiş insanlarla doludur. Səhnədə isə qıvrım saçları çallaşmış, sevgi dolu azca qıyıq gözləri ilə salondakı hər kəsə dostu, əzizi kimi baxan, atlas köynək, buta naxışlı çuxa geyinmiş bir nəfər ona dikilən dost baxışlarından məmnundur... Bu şəxs 1972-ci ildə Los-Ancelesdə həyatının ən böyük məhəbbətini - muğamı tapmış həmin o tələbə oğlandır.

Doğum günün mübarək, Ceffri qardaş!

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.7.