Tokioda Azərbaycan haqqında bələdçi nəşrin təqdimatı

 

 

Tokioda ölkəmiz haqqında “Azərbaycan - Land of fire” adlı yeni bələdçi nəşrin təqdimatı keçirilib. Tədbirdə yapon adamları ilə yanaşı, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, media vasitələrinin nümayəndələri iştirak ediblər.

Nəşrin müəllifi, “Bross Border Club” şirkətinin prezidenti Kazuyası İşida bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Yaponiyadakı səfirliyinin köməyi ilə yapon dilində buraxılan nəşrin məqsədi yapon turizm həvəskarlarını Azərbaycan haqqında ətraflı məlumatlandırmaqdır. Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd etdiyini vurğulayan K.İşida diqqətə çatdırıb ki, bu ölkə füsunkar təbiəti, tarixi abidələri, mədəniyyəti və müasir tikililəri ilə səyahət həvəskarlarını özünə cəlb edir. Müəllif əmin olduğunu bildirib ki, nəfis tərtibatı və zəngin məlumatları ilə seçilən “Azərbaycan - Land of fire” nəşri yapon adamlarının və turizm həvəskarlarının marağına səbəb olacaq.

“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin sədri Xəlil Kələntər tədbirə toplaşan çoxsaylı adamlarına minnətdarlığını bildirib. Ölkəmizin bütün dünyada etibarlı tərəfdaş kimi tanındığı, burada xarici investisiyaların tətbiqi üçün böyük imkanlar yaradıldığı xüsusi vurğulanıb.

Tədbirdə yapon adamlarını maraqlandıran konkret istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 21 oktyabr.- S.8.