Bakıda “Ukraynanı kəşf et” layihəsinin təqdimatı

 

 

Boulevard Baku” hotelində “Səmimi Avropa dövləti olan Ukraynanı kəşf et” adlı turizm layihəsinin təqdimatı keçirilib.

Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə səfir Aleksandr Mişşenko qeyd edib ki, Azərbaycanla Ukrayna arasında, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də əlaqələr uğurla inkişaf edir. Noyabr ayında Bakıda Azərbaycan-Ukrayna biznes-forumu keçiriləcək. Ukrayna iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 50-yə yaxın şirkətin nümayəndələri Bakıya gələcəklər.

Diplomat bildirib ki, Azərbaycan və Ukrayna təhsil sahəsində fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, hazırda Ukraynada 6 minə yaxın azərbaycanlı tələbə oxuyur.

Ukraynada Turizmin İnkişafı Assosiasiyasının sədri, müvafiq layihənin əlaqələndiricisi Marina Xariton, Ukrayna turizm şirkətlərinin və Ukrayna şəhərlərindəki hotellərin nümayəndələri öz ölkələrinin turizm imkanları barədə məlumat veriblər. Gələn il may ayında Kiyevdə keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsi dövrü üçün xüsusi turizm paketi də təqdim olunub.

Təqdimat iştirakçılarının çıxışları Ukraynanın turizm potensialı barədə videoçarxın nümayişi ilə müşayiət olunub.

 

Mədəniyyət.- 2016.- 26 oktyabr.- S.8.