Bakı Bələdiyyə Teatrı Adanada tamaşa göstərib

 

 

Oktyabrın 17-dən Adana Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə 3-cü “Şəhər teatrlarının görüşü”nə start verilib.

Oktyabrın 30-dək davam edəcək tədbirə TÜRKSOY-un dəvəti ilə Bakı Bələdiyyə Teatrı da qatılıb. Kollektiv 18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25-ci ildönümündə tamaşaçılara Fridrix Şillerin "Məkr və məhəbbət" tamaşasını nümayiş etdirib.

 

Tamaşadan əvvəl Adana Böyükşəhər Bələdiyyəsinin başqanı Hüseyn Sözlü TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Bakı Bələdiyyə Teatrının rəhbəri, Xalq artisti Amaliya Pənahova və yaradıcı qrupu qəbul edib.

Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran H.Sözlü belə bir əlamətdar gündə Adanada olduqlarına və tamaşa nümayiş etdirdiklərinə görə yaradıcı kollektivə minnətdarlığını bildirib və heyətə xatirə hədiyyələri verib.

Bələdiyyə başqanına TÜRKSOY-un baş katibi Düsen Kaseinovun salamlarını çatdıran E.Qafarlı təmsil etdiyi qurumun türkdilli ölkələrin teatr sənətinin təbliğinə və bu sahədə əməkdaşlığa verdiyi töhfələrdən bəhs edib, qəbula görə təşəkkürünü bildirib. Bələdiyyə başqanına TÜRKSOY-un türk respublikalarının 25 illiyi münasibətilə hazırladığı xatirə hədiyyəsi təqdim edilib.

Xalq artisti Amaliya Pənahova da dəvətə görə TÜRKSOY-aAdana Böyükşəhər Bələdiyyəsinə təşəkkürünü bildirib, rəhbərlik etdiyi teatrın Azərbaycanın müstəqilliyinin ilk illərində yarandığını diqqətə çatdırıb. Türkiyə-Azərbaycan teatr əməkdaşlığından söz açan A.Pənahova teatrından bəhs edən kitabı bələdiyyə başqanına təqdim edib.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 28 oktyabr.- S.7.