Azərbaycan musiqisi multikulturalizm kontekstində

 

 

 “Multikulturalizm ili - 2016”

 

Ölkəmizdə yaşayan müxtəlif xalqların mədəniyyəti musiqimizə də təsir edib, onu zənginləşdirib

 

Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Təəssüf ki, dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi toqquşmaların yaratdığı humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Qərb dünyasında islamofobiya meylləri baş alıb gedir, bununla da sivilizasiyalararası ziddiyyətlər dərinləşir.

 

Belə bir həssas dönəmdə Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi dünyaya sülh, dialoq mesajıdır. Eyni zamanda bu, Azərbaycan dövlətinin öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət-ənənələrinin qorunmasının təminatçısı olduğunu bir daha təsdiq edir.

Multikulturalizm hər bir mədəniyyətin bərabər qəbul edilməsini nəzərdə tutur və bu kontekstdə qarşılıqlı mədəni əlaqə və dialoq vacib əhəmiyyət kəsb edir. Bu gün multikulturalizm mövzusunda müxtəlif araşdırmalar aparılır, bu anlayışın real həyatda oturuşmasına səy göstərilir. Sevindirici haldır ki, Azərbaycan dünya miqyasında multikulturalizmin ünvanlarından hesab olunur.

 

Musiqi mədəniyyətimiz və multikultural dəyərlər

 

Tarixən milli və dini tolerantlıq mühitinin bərqərar olduğu ölkəmizdə bu tendensiya incəsənətdə daha bariz şəkildə nümayiş olunur. Azərbaycan dünya səhnəsində öz musiqisi ilə də seçilir və musiqi sənətimiz çoxəsrlik zəngin bir inkişaf yolu keçib. Mehriban birgəyaşayış mühitində fərqli etnik qrupların musiqi irsi də bu inkişafdan geri qalmayıb.

Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova qeyd edir ki, Azərbaycan musiqisində multikulturalizm həmişə özünü büruzə verib. Ölkəmizdə yaşayan müxtəlif xalqların mədəniyyəti musiqimizə, ədəbiyyatımıza və digər sahələrə təsirsiz ötüşməyib. Azərbaycan musiqisi dedikdə ağıla gələn ilk ad peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəyli olur. Onun yaradıcılıq estetikasında Azərbaycan bəstəkarlarının xalq musiqisini bilməsi ilə yanaşı, Avropa musiqisinin də dərindən mənimsənilməsi əsas sayılırdı: “Təsadüfi deyil ki, Üzeyir Hacıbəylinin ilk bəstəkarlıq əsəri də Avropa janrı olan opera oldu. Bunun özü multikulturalizm nümunəsidir. O bu əsərdə xalq musiqisi olan muğamla operanı birləşdirdi. 1908-ci ildə “Leyli və Məcnun” operasını yazması və bu operanın səhnələşdirilməsi o dövrdə Azərbaycan musiqi mədəniyyəti üçün çox böyük bir addım idi. Üzeyir bəy tariximizə milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş sənətkar kimi adını yazdırıb”.

Həmsöhbətimin sözlərinə görə, ötən əsrin 30-cu illəri sovet musiqisinin çiçəklənmə dövrü idi. Böyük rus bəstəkarları Dmitri Şostakoviç, Sergey Prokofyev, Vasili Solovyov-Sedoy kimi mahnı yazan bəstəkarlar vardı. Təbii ki, onların yaradıcılığı Azərbaycan bəstəkarlığına da təsir edirdi. Məsələn, Ü.Hacıbəyli “Koroğlu” operasını yazanda həm Azərbaycan milli dəyərlərinə əsaslanırdı, həm də rus və Avropa klassiklərinin operalarını dərindən mənimsəmişdi. “Koroğlu”nun bir çox partiyalarında rus intonasiyaları da hiss olunur: “Sonrakı nəsil bəstəkarlarda da biz digər xalqların musiqisindən istifadələrə rast gəlirik. Bəstəkar Tofiq Quliyevin yaradıcılığına nəzər salanda onun əsərlərində Azərbaycan milli musiqi ladları ilə yanaşı, sovet estrada musiqisinin cizgilərini hiss edirik. O, V.Solovyov-Sedoyla birlikdə “Gözəl yurdum” və s. digər mahnılar bəstələmişdi. T.Quliyevin əksər mahnıları isə həm Azərbaycan, həm də rus şairlərinin sözlərinə yazılırdı”.

Zemfira xanım bildirir ki, görkəmli bəstəkar Qara Qarayev “İldırımlı yollarla” baletini yazmaq üçün Afrika folklorundan məharətlə istifadə edib: “Lakin bəstəkar onu Azərbaycan musiqisi ilə elə gözəl şəkildə sintez edib ki, biz burada yalnız Qara Qarayevin üslubunu eşidə bilirik. “Vyetnam süitası”, “Alban rapsodiyası” da bu silsilədən olan əsərlərdir”.

Müsahibim bəstəkarlar Soltan Hacıbəyovun “Hindistan eskizləri”, Əşrəf Abbasovun “Efiopiya rəsmləri”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün ərəb mövzularına konsert"i və “Alban mövzularında iki fortepiano üçün süita”ları da xatırladır. Qeyd edir ki, bizim musiqidə başqa xalqların mədəniyyətinə həmişə maraq olub və bu incəliklərdən musiqimizdə istifadə edilib: “Müasir dövrə gəldikdə isə bu gün Xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyada səslənir. Məşhur amerikalı bəstəkar Con Keysin anadan olmasının 100 illiyinə həsr olunan, Firəngiz xanımın da iştirak etdiyi «Mega-music» layihəsi, amerikalı skripkaçı, meqa-star Hillari Hanın Firəngiz Əlizadənin də əsərinin daxil olduğu “Deutsche Grammofon” albomunun ən yaxşı kamera musiqisi nominasiyasında “Grammy” mükafatına layiq görülməsi də multikulturalizm örnəklərindəndir”.

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyeva bildirir ki, Üzeyir bəy millətlərarası harmoniyanın nümunəsi kimi “Çaykovski və Azərbaycan musiqisi” məqaləsində sovet bəstəkarlarının operalarının Azərbaycan dilinə tərcümə olunması və artistlərimizin ifasında səhnələşdirilməsini məqbul sayırdı. Dahi bəstəkar həmin məqalədə yazırdı: “Mən musiqi fikrimi məntiqi və düşüncəli surətdə həyata keçirməyi Çaykovskidən öyrənirəm”. Bu da musiqimizin banisinin multikultural yolda atdığı ilk addımın nümunəsidir.

1930-40-cı illərdə Azərbaycanda yeni bəstəkarlar nəsli yetişirdi, yeni janrlar və təmayüllər meydana gəlirdi. Avropa musiqisinin aparıcı təmayülləri - neoklassisizm, dodekafoniya, seriya texnikasının milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnirdi. Bununla da Azərbaycan musiqisi ölkə hüdudlarından çıxaraq dünyaya yayılmağa başladı. Bu nailiyyət böyük bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun adı ilə bağlı idi. F.Əmirovun “Min bir gecə” və Q.Qarayevin “Yeddi gözəl” baletləri dünyanın müxtəlif ölkələrində səhnələşdirilib.

L.Əliyeva multikulturalizm ənənələrinin Q.Qarayevin “Yeddi gözəl” baletində özünü daha qabarıq şəkildə göstərdiyini deyir. Qeyd edir ki, dahi bəstəkar proloqda hind, rum (yunan), Xarəzm, Məğrib, Çin və İran gözəllərinin rəqsini verir və bu şəklin son nömrəsi yeddi gözəli birləşdirən ümumi parlaq rəqslə bitir. Bununla da bəstəkar ölkəmizdə bütün dövrlərdə olan mədəni potensialı nümayiş etdirir və incəsənətdə olan mədəniyyətlərarası dialoqu daha da qabarıq şəkildə göstərir. Müasir dövr bəstəkarlarımızdan Arif Məlikovun “Məhəbbət əfsanəsi”ni qeyd etmək yerinə düşərdi. Bu əsər bütün dünya səhnələrini fəth edib. Cəlal Abbasovun “Lakrimoza”, Fərhad Bədəlbəylinin “Ave Mariya”, Sərdar Fərəcovun “Psalm-150” (Bibliyanın mətni) əsərlərinin də adını çəkmək olar.

Əsrlərlə tarixi olan Böyük İpək Yolu xalqımızın ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində XX əsrin sonunda yenidən gündəmə gəldi. Bu siyasi-iqtisadi ənənələr 2010-cu ildə Şəkidə təməli qoyulan “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında öz təcəssümünü tapdı. Bu il yeddinci dəfə keçirilən festivalın konsepsiyası Şərq və Qərb ənənələrinin qarşıdurması və ya təcəssümü prinsipinə əsaslanır. Festivalda səntur, tar, ud, sitar, ney, rübab kimi alətlərin, həmçinin milli azlıqların musiqi alətlərinin səslənməsi Şərqlə Qərbin bir nöqtədə çarpazlaşması təəssüratını yaradır. Bu cür festivallar ölkələr və xalqlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə münbit zəmin hazırlayır.

 

Muğam və caz: əbədi musiqi

 

Musiqimizin öyrənilməsi və təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Fondun dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycan muğamının inkişafına yönələn beynəlxalq festivallar, müxtəlif müsabiqələr təşkil olunur.

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam aləmi” beynəlxalq festivalı, Üzeyir Hacıbəyli musiqi festivalı, Qəbələ beynəlxalq musiqi festivalı, Qara Qarayev adına beynəlxalq müasir musiqi festivalı və s. layihələr sivilizasiyalararası birliyə səsləyir, xalqları yaxınlaşdırır, mədəni körpülər yaradır.

Musiqi tərcüməyə ehtiyacı olmayan dünyəvi dildir və mədəniyyətin ən parlaq ifadə vasitələrindən biridir. O, bütün xalqlar tərəfindən milli mənsubiyyətindən asılı olmayaraq qəbul edilir. Məsələn, tanınmış bəstəkar Eldar Mansurovun “Bayatılar” mahnısı bir çox xarici dillərdə ifa olunub. Hətta dəfələrlə müəllifin razılığı alınaraq mahnının yeni versiyaları yaradılıb.

Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimi çağdaş musiqi tariximizdə beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi kimi tanınır. 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib.

Keçən əsrin 70-ci illərində UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq musiqi festivallarında Sovet İttifaqı da iştirak edirdi və bu müsabiqələrdə Qərb Şərqin ənənəvi musiqisini - Azərbaycan muğamını kəşf etdi. O vaxtdan muğamımız dünya mədəniyyətinə daxil olmağa başladı. Azərbaycan muğamı hətta rejissor Andrey Tarkovskinin dünya ekranlarını dolaşan “Stalker” filmində də səsləndi. Şimali Afrika, Yaxın Şərq ölkələrinin musiqi mədəniyyətindən bəhs edən çoxlu sayda məqalə və kitabların müəllifi olan professor Yurgen Elsner musiqimizi yüksək qiymətləndirərək deyib: “Azərbaycan musiqisinin dünyada bənzəri yoxdur. Muğam sirli bir aləmdir”.

Azərbaycan muğamı ilə caz musiqisinin sintezinə nail olunması da musiqidə multikulturalizmə gözəl nümunədir. Ötən əsrin 70-ci illərində ilk dəfə olaraq Vaqif Mustafazadənin görkəmli xanəndə, muğam bilicisi Hacıbaba Hüseynovla birlikdə lentə aldığı caz-muğam sintezində “Bayatı-Şiraz” kompozisiyası indi də sevilir. Bu gün isə bu sahədə Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski kimi istedadlı musiqiçilərin, beynəlxalq müsabiqələr laureatlarının adlarını qeyd edə bilərik.

Ümumiyyətlə, mədəni müxtəliflik milli inkişafa mane olmamalı, əksinə, bu prosesə stimul verməlidir. Təbii ki, bu yöndə yalnız milli dəyərlərə və mənafeyə deyil, həm də qarşılıqlı əlaqələrə və dialoqa zəmin yaradılmalıdır. Bu baxımdan Azərbaycanda tarixən mövcud olan dəyərlər çağımızda daha sistemli xarakter alıb və inkişaf etməkdədir.

 

Lalə Azəri

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.10.