Sevilən sənətkar

 

Azərbaycan teatr sənətinin bütün janrlarında öz yaradıcılıq yolu vardır ki, bu yolu zaman-zaman özünü bu sənətə fəda etmiş sənətkarlar yaratmışdır. Şübhəsiz ki, burada əsas yükün aktyor sənəti sahəsinə aid olduğu danılmazdır. Aktyorluq birmənalı şəkildə teatrın simasını müəyyən edən peşədir. Rejissor yozumu əsərin bədii yükünü istənilən səviyyəyə qaldırsa və yaxud endirsə belə, aktyor oyunu həm öz koloriti, həm də istedad fenomeni ilə tamaşanın rənglərini istənilən qədər zənginləşdirə və kamil səviyyəyə qaldıra bilir. Milli teatr sənətimiz də Azərbaycan aktyorlarının istedad gücü hesabına teatr tarixində öz yerini tuta bilmişdir. Yarandığı gündən etibarən Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Fatma Qədri, Hökümə Qurbanova, Mirzağa Əliyev, Ələsgər Ələkbərov, Rza Təhmasib, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Əli Zeynalov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Yusif Vəliyev, Ağadadaş Qurbanov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Məlik Dadaşov, Həsənağa Turabov, Səməndər Rzayev, Hamlet Qurbanov, Hamlet Xanızadə, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Yaşar Nuriyev və digər bu kimi müqtədir sənətkarlar Azərbaycan teatr sənətini yaradan, formalaşdıran və inkişaf etdirən korifeylərdir.

Bu korifeylərin yolunu davam etdirən və bu yolda əzmlə çalışan sənətkarlardan biri də yaradıcılıq xüsusiyyətləri ilə həmişə diqqətdə olmuş, şirin koloriti ilə tamaşaçı rəğbətini hələ gənclik illərindən, səhnədə elə ilk addımlarından qazanmış və heç vaxt itirməmiş, sənət ömrünü Gənc Tamaşaçılar Teatrına bağlamış, bu teatrın repertuar ağırlığını çiyinlərində əlli ilə yaxın daşıyan istedadlı aktyor, respublikanın Xalq artisti Yasin Qarayevdir.

Yasinin səhnədə ilk uğuru Səməd Vurğunun Komsomol poeması əsasında İsgəndər Coşqunun səhnələşdirdiyi tamaşada (rejissor A.Kazımov) Cəlal rolu olmuşdur. O elə həmin rolla da sənətdə öz yerini tuta biləcək aktyor olduğunu orijinal üslubu, bənzərsiz ecazı ilə göstərə bildi. Daha sonra o, Gənc Tamaşaçılar Teatrının səhnəsində bir-birinin ardınca çox maraqlı, müxtəlif səpkili, xarakterli, koloritli obrazlar qalereyası ilə püxtələşdi, yetişdibu gün qürurla demək mümkündür ki, korifey sənətkarlar sırasında öz sənətkarlıq dəst-xəttini möhürləyə bildi. Doğma teatrın səhnəsində Qulu (S.S.Axundov - Tamahkar), Əsəd (C.Məmmədquluzadə - Danabaş kəndinin məktəbi), Azər, Əflatun (Elçin - Mahmud və Məryəm, Ölüm hökmü), Qarakişi, Əziz (İ.Məlikzadə - Gəl, qohum olaq, Sağlıq olsun), Şah (F.Məmmədov - Sirli dəyirman), Aşıq, Mahmud (N.Vəzirov - Hacı Qəmbər), Mir Cəfər Bağırov (Ə.Əmirli - Cəza), Qafar (S.Rüstəm - Çimnaz xanım yuxudadır), Hacı Qara (M.F.Axundzadə - Hacı Qara) və bir çox başqa yaddaqalan obrazları məharətlə yaratmışdır.

Professional imkanlarının genişliyindən ustalıqla istifadə edən Yasin Qarayev təkcə teatr səhnəsində deyil, həm də Azərbaycan televiziya məkanında və kino sənətində də çox böyük zəhmətlə çalışan sənətkardır. Milli televiziyada hazırlanan atların valsı (Ş.Başbayev), Gəl, qohum olaq (İ.Məlikzadə) və başqa tamaşalarda təqdim etdiyi obrazlar tamaşaçının yaddaşında dərin iz qoymuşdur. Bütün bunlar çox geniş bir yazının mövzusudur. Lakin mən bu kiçik yazımla həm Yasin Qarayevin yaradıcılıq yoluna azacıq ekskurs etmək, onun Azərbaycan teatr sənəti məkanında tutduğu yeri öz baxış bucağımdan göstərmək, həm də məni bu şirin, duzlu, yaddaşlarda sevgi ilə özünə yer tutmuş sənətkar ilə bağlayan tellər barədə söz açmaq istədim.

Yasin Qarayevlə biz müxtəlif televiziya verilişlərində tərəf-müqabil qismində az da olsa görüşmüşük. Ancaq əsas görüşümüz İrəvan teatrının Gənc Tamaşaçılar Teatrı ilə müştərək hazırladığı bir layihədə, müəllifi olduğum Dan yeri söküləndə (rejissor Gümrah Ömər) əsərinin hazırlıq prosesində baş tutduheç vaxt qırılmayan bir tellə bağlılıq yaratdı. Yasin Qarayevə əsərdə ən çətin, ən koloritli və ən çox yükü olan obraz - Dul Alı rolu həvalə olunmuşdu.

Doğrusunu deyim ki, pyes yazılarkən mən bu obrazı özüm oynamaq niyyətimdə idim. Lakin yaradıcılıq prosesi başlayarkən təşkilati işlər yaradıcılıq prosesindən məni ayrı saldı. Amma düşünürəm ki, bu, işin xeyrinə oldu. Çünki biz Yasin Qarayev kimi geniş yaradıcılıq potensialı olan bir sənətkarı dəvət etdik. Yasin bu obrazı elə yoğurdu-yapdı ki, mən hər gün məşqlərdə onun oyununa ləzzətlə və heyranlıqla tamaşa edirdim. Psixologizmi, obrazın səmimiyyət lirizmini hadisələrin ümumi axarında, hər epizodun mahiyyətinə uyğun tərzdə təcəssüm etdirən aktyor məharəti, onun duzlu-məzəli keyfiyyətləri, şirinecazkar oyun tərzi, personajın bütün koloritini tam şəkildə aça bilən istedad gücü premyerada salondakı tamaşaçıları heyran qoydu. Bax bu, əsl sənətkarlıq qüdrətidir.

Fərdi oyun estetikası ilə seçilən Yasinin, demək olar ki, bütün rollarını seyr etmişəm. Hər dəfə, hər obrazda yeni ampluada görünən, janr sintezindən həssaslıqla istifadə edən aktyor Dan yeri söküləndə tamaşasında da yeni, fərqli çalarlarla özünü ifadə edə bildi. Mən yaxşı mənada Yasin Qarayevi qısqanclıq hissi ilə qəbul edirdim, eyni zamanda da düşünürdüm ki, bizim səhnə sənətimiz, kinomuz niyə onun imkanlarından yetərincə yararlana bilməmişdir. Niyə bizim sənətkarlarımıza, o cümlədən geniş ampluası olan Yasin Qarayevə sərhədləri aşmaq imkanı yaratmamışıq. Yasin Qarayev kimi unikal sənətkarlarımız, tam əminliklə deyə bilərəm ki, öz sənət imkanları ilə geniş arenada Azərbaycan aktyoru olaraq öz sənətkarlıq qüdrəti ilə könüllərə yol aça bilərlər. Əlbəttə, bu da bir başqa söhbətin mövzusudur. Bir tək onu deyə bilərəm ki, Yasin Qarayev Azərbaycan teatr sənəti salnaməsinə öz adını yazmış sənətkar olaraq, teatr tarixində həmişə yaşayacaqdır.

Biz İrəvan teatrı olaraq Yasin Qarayevlə yaradıcılıq işlərimizi bu gündavam etdirməkdəyik. 135-ci teatr mövsümündə müqtədir sənətkarımızla yenidən görüşəcək, onunla multikultural konteksti özündə ehtiva edən yeni əsərdə, teatrımızın baş rejissorunun hazırlayacağı, müəllifi olduğum Arı yuvasında yeni yaradıcılıq fəaliyyətinə başlayacağıq.

Ünlü sənətkarımıza ömrünün çiçəkli dövründə cansağlığı, uzun ömüryeni yaradıcılıq zirvələri diləyi ilə, İrəvan teatrının kollektiviöz adımdan uğurlar arzulayıram! Çox yaşa, əziz sənət dostum!

 

İftixar

Əməkdar mədəniyyət işçisi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.11.