Yaşar Nuri

 

Böyük sənət, sehrli səhnə və ekran nuru...

 

Onun həyat eşqi ilə dolu surətini gözlərim önündə görə-görə, əziz və ləziz xatirəsini canlı olaraq xatırlaya-xatırlaya yazıram bu yazını. Elə bil dünən idi - xalqın bu sevimli Xalq artistini son mənzilinə, müsahibələrinin birindəki təbirilə desək, öz qiyamətinə yola saldığımız gün. O gün ki, illərlə güldürdüyü saysız-hesabsızlar dünyanın bu etibarsızlığına gülürdülər...

 

Amma bu dərdi-pərdədə çox çalmağa, bədabəd qalmağa dəyməz. Zaman hansı ələmə məlhəm olmayıb ki? Həm də axı, Yaşar Nuri tək elə dövlətin verdiyi qədir-qiymətlə yox, xalqın da titullaşdırdığı, fenomenə çevirdiyi aktyorlardandır. Hələ onun zaman-zaman işlətdiyi replikalar, dadlı-duzlu ekspromt frazalar, eyhamlar ladına düşsək, bu həyat etibarsızlığına şaqqıldayıb gülə də bilərik.

Tanrı hərənin xəmirinə bir çimdik yaratmaq qabiliyyəti qatıb (kimimiz onu yoğurub-yapıb püxtələşdirir, kimimizsə - laqeydlikdənmi, qədirbilməzlikdənmi - it-bata salırıq). Onun xəmiri isə bütünlüklə istedad mayasından, dad-tam bərəkətindən yoğurulmuşdu. Tanrı ondan əsl aktyorluq üçün heç nə əsirgəməmişdi.

 

Kimdən?

 

3 sentyabr 1951-ci ildə Bakıda - tanınmış bir aktyor ailəsində anadan olub, 22 noyabr 2012-ci ildə məşhurlar məşhuru bir aktyor kimi bu dünyadan köçmüş fenomenal komik, psixolojidramatik rolların məharətli ifaçısı Yaşar Məmmədsadıq oğlu Nuriyev - Yaşar Nuridən!

O, səhnəyə ilk dəfə on bir yaşında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub, uşaqlarçün hazırlanan Buratino, Qaranquş, Pioner veriliş-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərində, mədəniyyət sarayı, xalq teatrı tamaşalarında çıxışları olub. Bu şagirdə gözəgörünən fitri istedad, civə kimi hərəki, heç bir situasiyada sıxılmayan, hər an improvizə Allahın bəlası deyiblər. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli və öz oyunundan zövq, ləzzət alan bir uşaq olub gələcəyin bu böyüyü.

1968-ci ildə orta məktəbi bitirib Dövlət İncəsənət İnstitutunun dramkino aktyorluğu fakültəsinə daxil olan, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan sənət dərsləri alan, bütün ali məktəb tələbələrinə nisbətdə daha ayıq-arif uşaqlar içərisində qeyri-formal liderlik edən Yaşar hazır aktyor, istedadı yaşından yaşlı hesab olunurmuş.

Tələbəliyində Balaş (Sevil), Salmanov (Toy), Nezmanov (Günahsız müqəssirlər) və başqa obrazlar yaradan Yaşar institutu bitirdikdən (1972) sonra əsgəri xidmətdə olur, qayıdıb institutun tədris teatrında aktyorluğa başlayır, 1974-cü ilin sonunda məşhur rejissor Tofiq Kazımovun dəvətilə Akademik Dram Teatrının aktyor truppasına qəbul olunur. Bu səhnədə ilk rolu A.Vampilovun Övlad komediyasında Silva olub. Sonra İ.Əfəndiyevin Bağlardan gələn səsində Pərviz, M.İbrahimovun Bəşərin komediyası və yaxud Don Juanında Sqanarel, Dəli yığıncağında Sərsəm Salman, Sevildə Əbdüləli bəy və başqa yaddaqalan obrazlar.

Tarixən müəlliflərin zəmanə gedişatı, rejissorların mənəmlik traktovkası cızıqlarından çıxan aktyorlar az olmayıb və öz istedad qaynamaları ilə seçilən Yaşar Nurionlardan biri. Həmkarlarından bir çoxunun dediyinə görə, Yaşar da tamaşa zamanı öz improvizəsi ilə ənənəvi gedişatı darmadağın etmişlərdən olubbunlar tamaşaya xüsusi bir quruluş gətirib, qeyri-adi kolorit verib. Etiraz və qadağaların heç bir fayda vermədiyini görən teatrkino rejissorlarımızın çoxu isə Yaşara əlahiddə bir sərbəstlik verirmiş...

Teatr-səhnə tariximizdə görkəmli sənətkar kimi yer tutan Yaşar Nuri həm də məşhur kinoteleviziya fenomenlərindəndir. Onun böyük populyarlıq qazandığı ekran obrazlarını sadalamağın özü belə asan deyil. Filmoqrafiyasına əlliyə yaxın kinolent daxildir, Azərbaycan Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. AzTV fonduna daimi sənət nümunələri kimi düşmüş bu tamaşalardan Yollar görüşəndə..., Ömrün yolları, Qatarda, Evləri köndələn yar, Kökdən düşmüş piano, Topal Teymur, Səni axtarıram, Bağışla, Səndən xəbərsiz (trilogiya), Göz həkimi, Ac həriflər və digərlərini bu gün də məmnuniyyətlə xatırlayırıq.

Yaşar Nuri qəliz rəqs, fraqmental muğam, parodik estrada, aşıq havaları ilə satirik, dramatik, psixoloji, komik, qroteskkarnaval mahiyyətli obrazlar yaradan ustad, rəngarəng, təravətli, dadlı-tamlı improvizələrilə ürəklərə yol tapan universal səhnə canlısı kimiyaddaşlara köçüb.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında çoxlu sayda milli və əcnəbi filmlərin səsləndirilməsində iştirak etmişdir.

Bütün yaradıcı ömrü boyu sənət, xalq, dövlət görəvində olmuş bu sənətkar bu xidmət və məhəbbətin qarşılığını da görmüşdür. Bu qarşılığın xalq sevgisi topdanından danışmağa ehtiyac olmadığını bildiyimdən, pərakəndə diqqətlərə çatdırım ki, cəmisi (!) 30 illik yubileyində ilk fəxri təltifata - Əməkdar artist adına, 40 illiyində (Yaramaz filmindəki roluna görə) Dövlət mükafatına layiq görülən bu sənətkar haqda 45 yaşında Səhnəmizin Yaşarı, 50 illiyində Yaşar - olduğu kimi sənədli filmləri çəkilmişdir. 60 illik yubileyi isə (2011) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur. İki dəfə layiq görüldüyü Qızıl dərviş, Cəfər Cabbarlı, Milli Kino mükafatları, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, Şöhrət ordeni...

 

Həmişəyaşar...

 

İncə bir mətləb var; hər kəs dünyaya öz içindən baxır, öz içindəkinin qədəri qədər görür dünyanın simasını. Nə qədər ki özümüz olmağı, arzularımıza çatmağı bacarmırıq - dünyamızı qura bilmirik. Yaşar Nuri də özündən baxıb dünyaya, amma bir az da özgələr gözüylə. Elə səmimi baxıb ki, onu çox səmimi görüb, sənətə çeviribbunu səhnəyə də gətirib. Bunların hamısını sözə, hərəkətə, baxış-duruşa çevirərək, tamaşaçı gözünə görsədə, tamaşaçı qulağına çatdıra bilib. Saxtalıqdan uzaq, sünilikdən iraq bir mənəvi mesenatlıqla paylayıb. Daha nələr qoyub getdiyini üstündən illər keçəndən sonra lap aydın anlayacağıq.

Yaşar Nuri səhnəyə uşaqlıqdan çıxmışdı deyə, onun ikinci evi hesab olunurdu bu sirli meydan. Bəlkə elə bu duallıqdan yaranmışdı - onun sənət doğmalığı, bu qədər səhnə sərbəstliyi.

Yaşar anadangəlmə şux idi, çevik idi. Canı oyun ünsürləri ilə mayalanmışdı sanki. Məmmədsadıq Nuriyev kimi bir aktyorun övladı olmaq da ki bir yandan.

Rejissorlar üçün əziyyətsiz-filansız - "hazırca kökə" idi Yaşar Nuri. Oyunu yaşayıb obrazı yaşadan Yaşar Nuri. Yaradanı ona yaradıcı təbiiliyini, improvizə qabiliyyətini, jestikulyasiya fəallığını, mimik ustalığını kifayətcə vermişdi. Sözüylə ifası, duyğusuyla hərəkəti vəhdətdəydi. Dövründəki tamaşaçı ordusunun çoxsaylı zabit-zabitəli qismi məhz onun gəl-gəl komandasıyla gəlirdi teatra. Bu faktologiyada belə bir qələbə gizlənmirmi ki; əgər aktyor öz ifaçılıq cəzbi, xarizma üstünlüyü, tanıtım-tapıntılarıyla sənət məbədinə daha çox tamaşaçı kütləsi cəlb etməyi bacarırsa, elə onun özü bir teatr deməkdir!?

Aktyorluq barmaqla sayılan peşələrdəndir ki, nəzəriyyəsilə əməliyyəsi heç həmişə sinxron alınmır. Kütlələrin ən kütü belə, teatra gələrkən yüksək iddiada olur. Onun görmək, səhnə-parter prosesindən almaq istədiyi budur ki, hər şey - ən xırda detallar belə - orijinal olsun. Deməli, təqdimatçı daim maraqlandırma fəaliyyətində olmalıdır.

Bu an onun fotoşəkillərinə baxıram, amma xəyalım gözlərimdən aydın görür onu. Fotoşəkildəki Yaşarın naməlum nöqtəyə dikilən baxışları uzaq yollu yol bələdçisini xatırladır. Bu uzun, incə yolun məlum ucundan məchul ucunadək Xəzərin pərişan saçlı dəli dalğaları görünür, haradansa Vaqif Mustafazadə sədaları eşidilir - milli tembri, ahəngdar, obrazlı tryukları ilə. Bakı rəsmini xatırladan sehrlər yaranır -Tofiq Quliyev bəstələri ladlarında, Arif Babayev filmlərinin kadr-koloritində səslənir. İçərişəhər küçələrindəki çarpanaq daşlar yaralayır Hanı Yaşar? motivli düşüncələrimin əl-ayağını. Axı, Bakı bütün özünəməxsusluğu ilə əsasən bu kimi sənət bakılılarının yaradıcılığında tərənnüm olunurdu! Yaşar Nuri - həzz ala-ala oynayan, ləzzət verə-verə izlənilən Bakı oyunçuluğu, Bakı teatrallığı, Bakı kino-kameramanlığı demək idi...

...Ona tamaşa edərkən sanki oyuna deyil, reallığa, oyunçuya deyil, neçə-neçə insan taleyinə şahidlik edirdik. O, ağzıgöyçəklər üçün dil yeri qoyurdu, tənqidçilər üçün əl yeri. Belələri çoxlaşmağı, müxtəlifləşməyi bacarsalar da, dünyaya tək-tək gəlirlər...

Yaşar neçə-neçə obrazlardan əlavə, neçə-neçə aktyorluğu da cəmləşdirmişdi öz şəxsində. Üzünün universal oynaq cizgiləri ilə neçələrini oynamadı?! Sözü ilə qəlblərə nüfuz edən saysız-hesabsız başqaları oldu. Orijinal səsi, bənzərsiz hərəkətlərilə özü idi, obrazları ilə başqaları. Amma bu sənətkar heç bir halda, heç bir nüansda başqalarından olmadı!

Bu zalım balası elə xatalı tərəf-müqabil idi ki, onu kiminləsə duallaşdırmaq müşkül. Elə əl vurma, öldürər! (əlbəttə, güldürməkdən!) energetikalı aktyor idi ki, obrazlarına adekvat Obrazını yaratmaq çətin. Elə mürəkkəb, mütəhərrik mühərrik idi ki, obrazlı desək, bu obraz-aləmin bütün şəxsiyyət detallarını incələyib, hiss-duyğu hissələrinə varıban söküb-yığmaq qeyri-mümkün.

Belə-belə işlər, Yaşar Nuri! Bütün obrazlarıyla birləşib, səhnədə-sənətdə qələbə çalan Yaşar Nuri!

 

Tahir Abbaslı

Mədəniyyət.- 2016.- 2 sentyabr.- S.12.