Rəssamla görüş layihəsində Ucal Haqverdiyevin xatirəsi anılıb

 

O, özünü hansısa janrla məhdudlaşdırmırdı, ona görə əsərləri daha geniş, dolğun mənalar ifadə edir

 

Sentyabrın 2-də paytaxtdakı Dövlət Bayrağı meydanı yaxınlığındakı XX-XXI əsr Azərbaycan rəngkarlığı muzeyində Rəssam haqqında xatirələr. Bütünay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında adlı anım tədbiri keçirilib. Tədbir muzeyin Rəssamla görüş layihəsi çərçivəsində gerçəkləşib.

 

Mərhum Ucal Haqverdiyevin (1960-2004) oğlu, gənc rəssam Bütünay Haqverdiyev atasının həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini danışıb. O, atasının qısa dövrü əhatə edən yaradıcılığını slayd şəklində tamaşaçılara təqdim edib.

Gənc rəssam Haqverdiyevlər nəslində sənət ənənəsinin babası Həsən Haqverdiyevdən gəldiyini söyləyib: Atam geniş yaradıcılığa malik rəssam olub, o, özünü hansısa janrla məhdudlaşdırmırdı. Başqa sahələrlə maraqlanmağı yaradıcılığının bir hissəsi sayırdı. Ona görə əsərləri daha geniş, dolğun mənalar ifadə edir. Atamın əsərlərində italyan rəssamlarından yararlanma çox güclüdür.

Ucal Haqverdiyevin qardaşı, Əməkdar rəssam, heykəltəraş Hüseyn Haqverdi tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib. O, mərhum qardaşının yaradıcılığını bir həmkar kimi yüksək dəyərləndirib, onun əsərlərinin milli rəssamlıq sənətimizin gözəl örnəklərindən olduğunu vurğulayıb.

U.Haqverdiyevin həyat yoldaşı Yelena Haqverdiyeva tədbirin təşkilatçılarına və iştirakçılarına sayğısını ifadə edib.

Tədbirdə Ucal Haqverdiyevin Nuhun gəmisi, Rozetta daşı, Şərq rəqsi, Şərq, Şəki əsərlərinin orijinalı təqdim olunub, əsərlər haqqında məlumat verilib.

Bildirək ki, Ucal Haqverdiyev 1979-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib. 1987-ci ildən respublikaümumittifaq sərgilərinə qatılıb. 1988-1991-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının təqaüdçüsü olub, akademiyanın hesabat sərgilərində iştirak edib.

1992-1998-ci illərdə Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. 2000-ci ildə Humay mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə özəl kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, rəssam Ucal Haqverdiyev 1990-cı ilin yanvar hadisələri zamanı sovet hərbçiləri tərəfindən döyülüb. Bu hadisədən sarsılan gənc rəssam sonralar ürək xəstəliyi tapıb. 2004-cü ildə, yaradıcılığının çiçəklənən çağında 44 yaşında dünyadan gedib.

 

S.Qaliboğlu

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.7.