İsveçrə məktəblərində Azərbaycan rəqsləri həftəsi

 

 

“Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” diaspor təşkilatının rəhbəri Qasım Nəsirovun təşəbbüsü ilə bu ölkənin iki orta məktəbində Azərbaycan rəqsləri həftəsi keçirilib.

Ölkəmizin İsveçrədəki səfirliyindən bildiriblər ki, tədbir 29 avqust - 1 sentyabr tarixlərində Arqau kantonunun Bremqarden şəhəri və Oberssiqqental kommunasında baş tutub.

Orta məktəblərin 9-cu sinif şagirdləri üçün “İnteqrasiyanın mənimlə əlaqəsi nədir?” layihəsi çərçivəsində təşkil olunan dərslər maraqla qarşılanıb. Hər gün 4 qrupda şagirdlər üçün keçirilən dərslərdə Azərbaycan milli rəqslərindən nümunələr, xüsusən “Yallı” rəqsinin elementləri öyrədilib, milli geyimlər nümayiş etdirilib, həmçinin ölkəmiz barədə məlumatlar təqdim olunub.

Artıq ikinci ildir yeni dərs ilinin başlanması ərəfəsində təşkil edilən bu məşğələlər hər dəfə fərqli məktəblərdə keçirilir. Layihənin gələcəkdə İsveçrənin digər regionlarında da davam etdirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.10