Mütaliə mənəvi zənginlik mənbəyidir

 

 

Bölgələrdə kitabxana layihələri çərçivəsində tədbirlər

 

Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində mədəniyyət və istirahət parkında növbəti tədbir keçirilib.

Mədəniyyət və Turizm şöbəsinin müdiri Nazim Mirzəyev, MKS-nin direktoru Gültəkin Məmmədova, “Araz” ədəbi birliyinin sədri, yazıçı-tədqiqatçı Asif Cəfərli və başqaları çıxış edərək layihənin kitabsevənlərə böyük töhfə olduğunu bildiriblər. Açıq kitabxanada təşkil olunan “Nəsillərə örnək şəxsiyyət”, “Beyləqan yazarları”, “Yeni nəşrlər” və s. guşələr oxucuların marağına səbəb olub.

 

* * *

Tovuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi “Yay məktəbi” çərçivəsində “Oxuyun ki, biləsiniz” adlı tədbir keçirib. Açıq havada təşkil olunan tədbirdə məktəblilər, fəal oxucular, valideynlər və mədəniyyət işçiləri iştirak ediblər.

Uşaq şöbəsinin müdiri Məlahət Zeynalova mütaliənin uşaq və yeniyetmələrin həyatında mühüm rol oynadığını, mənəvi-əxlaqi keyfiyyətlər aşıladığını deyib. “Sənin ilk kitabın”, “Nağıllar aləminə səyahət”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Multikulturalizm uşaqların gözü ilə” və s. başlıqlı sərgilərdə 200-dən çox kitab nümayiş etdirilib.

 

* * *

Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı Meşrif kənd kitabxana filialında səyyar kitabxana təşkil edilib. Hazırlanan sərgidə əsasən uşaq ədəbiyyatı nümunələri təqdim olunub. Filialın müdiri Xuraman Əliyeva səyyar kitabxananın kənd sakinlərinin, xüsusilə də uşaqların mütaliəyə marağının atmasına təkan verəcəyini bildirib.

 

* * *

Xaçmaz rayonu Xudat şəhər 22 və 33 saylı kitabxana filiallarının təşkilatçılığı ilə “Açıq kitabxana” layihəsi çərçivəsində tədbir keçirilib. Kitabxana müdirləri tədbirə gələn oxucuları salamlayaraq qeyd ediblər ki, müasir dövr yeni texnologiyalar əsri olsa da, hər zaman kitaba maraq olacaq. Tədbirdə müxtəlif mövzularda ədəbiyyat nümayiş etdirilib. Kitabxanaya yeni oxucular üzv yazılıblar.

 

* * *

İmişli rayon MKS kitabxana filialları ilə birlikdə Mədəniyyət mərkəzinin qarşısında sərgi təşkil edib. Sərgidə “Böyük əsrin davamı”, “İmişli yazarları”, “Sehrli dünya” və digər başlıqlar altında kitablar nümayiş etdirilib. 23 nəfər oxucu Mərkəzi kitabxanaya üzv yazılıb, yazarlar kitablarını təqdim ediblər.

* * *

Salyan rayon MKS-nin 45 saylı Çadırlı kənd kitabxana filialında kitab sərgisi təşkil olunub. Böyük maraqla qarşılanan tədbirdə “Dünya ədəbiyyatı”, “Yeni kitablar”, “Nağıl dünyası” və s. bölmələrdə kitablar nümayiş etdirilib. MKS-nin 29 saylı Quyçu kənd kitabxana filialı da kitab sərgisi təşkil edib.

 

* * *

Biləsuvar rayonu ərazisində yerləşən və rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni hamiliyə götürülən sərhəd qoşunlarının N saylı hərbi hissəsində səyyar kitabxana xidməti təşkil olunub. Rayon bədii özfəaliyyət kollektivləri sərhədçilər qarşısında konsert proqramı ilə çıxış edib, məktəbli və gənclərin rəsm əsərlərindən ibarət rəsm sərgisi açılıb.

 

* * *

Zəngilan rayon Mərkəzi kitabxanası Abşeron rayon Masazır qəsəbəsində səyyar kitabxana xidməti təqdim edib. Qəsəbədə məskunlaşmış məcburi köçkünlərin mütaliəyə maraqlarının artırılması məqsədilə keçirilən aksiyada müxtəlif elm sahələrini əhatə edən nəşr nümunələri və bədii ədəbiyyatlar nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.11.