1000 yaşlı Konyakın yubileyinə Tovuzdan sovqat aparılıb

 

Mərasimdə Sarı gəlin səslənib, şəhər meriyasına xalça hədiyyə edilib

 

Fransanın Konyak şəhərinin 1000 illik yubileyi münasibətilə təşkil olunan təntənəli tədbirdə ölkəmiz də təmsil olunub. Tədbirdə Konyak şəhəri ilə qardaşlaşmış doqquz şəhərin, o cümlədən Azərbaycanın Tovuz rayonunun pavilyonları qurulub. Mərasimdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.

Tədbirdə əvvəlcə Choeur pour Boala ansamblı Sarı gəlin Azərbaycan xalq mahnısını ifa edib.

Mərasimdə çıxış edən T.Zeynalov Konyak şəhərinin rəhbərliyinə yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, yubiley münasibətilə tovuzlular adından şəhər sakinlərini təbrik edib. Azərbaycan və Fransanın regionları arasında əməkdaşlıqdan danışan icra başçısı bildirib ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fransanın bir çox şəhərlərində həyata keçirilən Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri layihəsi çərçivəsində Konyak şəhərində də mədəniyyət günləri təşkil edilib. TovuzKonyak şəhərindən olan adamlarının qarşılıqlı səfərlərinin önəmi də xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, qədim İpək Yolu üzərində yerləşən Tovuzqonşu Gəncə şəhərlərində mədəniyyət, ədəbiyyat, musiqi və digər sahələr üzrə tanınmış şəxsiyyətlər yetişib. XII əsrin dahi şair və mütəfəkkiri Nizami Gəncəvi, 2013-cü ildə 900 illik yubileyi UNESCO tərəfindən qeyd olunmuş Məhsəti Gəncəvi haqqında iştirakçılara məlumat verilib.

İcra başçısı Konyak şəhərinin 1000 illik yubileyinə həsr olunan xalçanı şəhər meriyasına hədiyyə edib.

Yubiley tədbirləri çərçivəsində təşkil olunmuş Tovuz rayonunun pavilyonunda milli şirniyyatlarımız, Heydər Əliyev Fondunun Azərbaycana dair nəşrləri və Tovuz-Baltiya şirkətinin nar və üzümdən hazırlanmış içkiləri təqdim olunub.

Konyak şəhərinin meri Mişel Qurenşa, şəhərin digər rəsmiləri, eləcə də Konyakla qardaşlaşmış şəhərlərin rəsmi nümayəndələri Tovuz rayonunun pavilyonuna böyük maraq göstəriblər.

Dünyada öz içkilərinə görə məşhur olan Konyak şəhərinin sakinləri, eləcə də bayrama dəvət edilmiş xarici qonaqlar Tovuz-Baltiya şirkətinin istehsalı olan içkilərə, onların hazırlanma texnologiyalarına xüsusi maraq göstəriblər.

Pavilyonu ziyarət edənlər tarzən Rövşən Qurbanovun və kamançaçı Ceyhun Muradovun müşayiəti ilə Nigar Şabanovanın ifasında Azərbaycan muğamlarını dinləyiblər. Azərbaycan şirniyyatlarına və samovar çayına qonaq edilən ziyarətçilər təəssüratlarını bölüşüb, heyranlıqlarını bildiriblər.

Yubiley tədbirlərində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.

 

Mədəniyyət.- 2016.- 7 sentyabr.- S.16.