İranla mədəniyyət və turizm sahəsində əməkdaşlıq müzakirə olunub

 

 

Qonşu ölkədə Azərbaycan mədəniyyəti günlərinə hazırlıq görülür, İrandan ölkəmizə turist axını isə aviareyslərin artırılmasına zərurət yaradıb

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayini səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Görüşdə iki ölkə arasında son dörd il ərzində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkə rəhbərləri arasında olan sıx əlaqələr, qarşılıqlı səfərlər müxtəlif sahələrdə əməkdaşlığın inkişafına, xalqlar arasında münasibətlərə də müsbət zəmindir.

Nazir Əbülfəs Qarayev həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirib. Bu amilin Azərbaycanın və İranın turizm şirkətləri arasında əməkdaşlığın inkişafına şərait yaratdığı qeyd edilib.

Görüş zamanı bu il İranda təşkil olunacaq Azərbaycan mədəniyyəti günləri ilə bağlı müzakirələr də aparılıb. Bildirilib ki, yaxın günlərdə Azərbaycan nümayəndə heyəti tədbirin keçiriləcəyi şəhərlərdə infrastrukturla tanışlıq məqsədilə İrana səfər edəcək.

İran səfiri qeyd edib ki, hazırda İrandan Azərbaycana ay ərzində 18 təyyarə reysi həyata keçirilir və turistlərin artan marağını nəzərə alaraq reyslərin sayının artırılması zərurəti yaranıb.

Nazir son günlərdə ölkə başçısı tərəfindən turizm sahəsində imzalanan sərəncamların turizmin inkişafına təkan verəcəyini bildiribbu istiqamətdə həyata keçiriləcək tədbirlərin iranlı turistlərin Azərbaycana gəlməsi üçün imkanları genişləndirəcəyinə əminliyini vurğulayıb.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.3.