İndoneziya ilə turizm mübadiləsinin artırılması üçün imkanlar var

 

 

İki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumu hazırlanacaq

 

Sentyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyində İndoneziya parlamentinin - Xalq Məşvərət Konqresinin sədr müavini Osman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə İndoneziya parlamentinin üzvləri, bu ölkənin Azərbaycandakı səfiri Hüsnan Fanani iştirak edib.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq İndoneziya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin inkişafından, həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan mütəmadi olaraq İndoneziyada mədəniyyət və turizm sahələrində keçirilən beynəlxalq konfranslarda, sərgilərdə və bir sıra tədbirlərdə yaxından iştirak edir.

Fikir mübadiləsi zamanı Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən respublikamız üçün turizm baxımından prioritet hesab olunan ölkələr, o cümlədən İndoneziyadan gələn turistlərə hava limanlarında sadələşdirilmiş qaydada viza rejiminin tətbiq olunması haqqında söhbət açılıb və qarşılıqlı turist mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb.

Qəbula görə təşəkkürünü bildirən İndoneziya parlamentinin sədr müavini Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, gələcəkdə əlaqələrin daha da inkişafı üçün qısa zamanda hər iki ölkənin turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumunun hazırlanması ilə bağlı müvafiq işlərin aparılacağını bildirib.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.3.