Bakıda bölgələrin folklor kollektivlərinin çıxışları davam edəcək

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə paytaxtın Nizami küçəsində yaradılan incəsənət məkanında ölkəmizin müxtəlif rayonlarından gəlmiş folklor kollektivlərinin çıxışları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarkalar keçirilir.

Bu tədbirlərin təşkil olunmasında əsas məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir.

20-23 avqust tarixində burada Şamaxı rayonunun Şirvan folklor ansamblının, İsmayıllı rayonundan Lahıc folklor ansamblının, Qəbələdən Zopu-Zopu etnoqrafik folklor rəqs ansamblı kollektivlərinin konserti və sərgilər keçirilib. Avqustun 25-də Şəki və Oğuz rayonlarının, sentyabrın 3-də isə Zaqatala, Balakən və Qax rayonlarının folklor qruplarının çıxışı, el sənətkarlarının sərgi-yarmarkası təşkil olunub.

Növbəti həftələrdə isə paytaxt sakinləri və şəhərimizin qonaqları Gəncə, Lənkəran, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Qusar, Xaçmaz, Lerik, Masallı və Astaranın folklor kollektivlərinin çıxışlarını izləyəcək və sənətkarlıq nümunələri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, bu tədbirlərin oktyabr ayının ortalarına qədər keçirilməsi nəzərdə tutulur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.3.