Görkəmli ifaçıya həsr edilmiş sənət axşamı

 

 

Sentyabrın 7-də LeopoldMstislav Rostropoviçlərin ev-muzeyində Azərbaycan violonçel məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti, professor Rasim Abdullayevə həsr edilmiş tədbir keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova tədbiri açaraq Mstislav RostropoviçRasim Abdullayevin yaradıcılıq əlaqələrindən danışıb, görkəmli ifaçının həyatından və zəngin yaradıcılıq yolundan söz açıb.

Qeyd edib ki, Rasim Abdullayev Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib. Onun əsərləri musiqiçinin emosiyalarını və qəlbini əks etdirir.

Sonra konsert proqramı təqdim edilib. Konsertdə Rasim Abdullayevin qızı Ülviyyə Abdullayeva (fortepiano) və nəvəsi Anastasiya Mişula (skripka) da çıxış edib. Proqramda V.Motsart, E.Blox, P.Çaykovski, E.Vila-Lobos və başqalarının əsərləri səsləndirilib.

Sonda Rasim Abdullayev muzeyin rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri, musiqi məktəblərinin müəllimləri, tələbələr iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.5.