Toğrulun yadigarı

 

 

Əsmər Nərimanbəyova Bakıda atasının ev-muzeyini yaratmaq istəyir

 

Əsmər Nərimanbəyova dünya şöhrətli rəngkar, Xalq rəssamı Toğrul Nərimanbəyovun və tanınmış heykəltəraş Elmira Hüseynovanın ailəsində dünyaya göz açıb. Onun rəssam olması qaçılmaz idi. Ona görə ki, içində olduğu mühit özü də bilmədən onun gələcək taleyini yazırdı.

 

Bununla yanaşı, Ə.Nərimanbəyova uşaqlıqdan musiqi ilə nəfəs alıb, Bülbül adına Orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsini bitirib. Əsmər xanım deyir ki, bu, atasının istəyi olub. Ali təhsil almaq vaxtı çatanda iki gələcək tale, seçim arasında qalmışdı: musiqiçi, yoxsa rəssam olmaq? O, ikincini seçmək qərarına gəlir. Ancaq ilk istəyi baş tutmur, Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinə qəbul oluna bilmir.

Elə söhbətə bu mövzudan başlayırıq. Çünki həmin olaydan sonra öz həmkarlarından bərk inciyən Toğrul Nərimanbəyov dərs dediyi bu tədris ocağından biryolluq üz döndərir: “Atam özü məni hazırlaşdırmışdı, ona görə bacarığıma arxayın idi. Biz götür-qoy edirdik ki, Bakıda, Tbilisidə, yoxsa Moskvada rəssamlıq təhsili alım. Dostları atama dedilər ki, elə Bakıda oxuyum. Beləliklə, indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinə sənədlərimi təqdim edib bütün imtahanları verdim. Sonda nəticələr açıqlandı: mən ixtisasdan kəsilmişdim. Bu, atama çox pis təsir etdi. Ona görə dedi ki, iki dünya bir ola, daha orada dərs demərəm. Atamın bu imtinası tələbələr üçün böyük itki oldu”.

Bundan sonra Əsmər xanım bir il müddətində imtahanlara daha da ciddi hazırlaşır və bu dəfə sənədlərini Gürcüstandakı Rəssamlıq Akademiyasına verir: “Onların rəssamlıq ənənəsi çoxdur, tarixən yaxşı məktəbləri formalaşıb. İmtahanlara anamla getmişdim. Çox böyük rəqabət vardı. Atam yenə də məni öz bacarığımla baş-başa buraxdı, kiməsə tapşırtmadı. Bütün imtahanlardan keçdim, tələbə adını qazandım. Orada 6 il təhsil aldım. Mən rus bölməsində oxusam da, əslində hər şey gürcü dilində idi. Onların sovet dönəmində belə açıq millətçiliyi vardı”.

Ə.Nərimanbəyova təhsilini bitirib Bakıya qayıdanda sovetlər dağılma ərəfəsində idi. Artıq sənətdə də sovet realizmi öz önəmini itirməyə başlamış, özəlliklə gənclər arasında yeni meyillər yaranmışdı: “Elə o çağdan öz üslubumu tapmağa çalışdım. Mən mücərrədliyi, futurizmi, kubizmi çox sevirəm. Fransızların belə əsərlərə marağı böyükdür. İndi Berlində bir sərgim davam edir. Başqa bir sərgim isə Vyanada nümayiş olunur. Mən fransız rəssamlıq məktəbini çox sevirəm. Son işlərimdə milli miniatür elementləri də var. Həmişə sənətimi inkişaf etdirmək haqqında düşünürəm”.

Qeyd edək ki, Əsmər xanım son beş ildir ki, Fransada yaşayıb-yaradır. Bu gün o, iki ölkə arasında mədəni əlaqələri quran ən fəal sənət təmsilçilərindəndir. 19 il Azərbaycan Rəssamlıq Akademiyasında rəngkarlıq sənətindən dərs deyib. Görəsən, rəssamın Parisdə dolanışığı necədir?

Orada kirayə evdə qalıram. Atam da vaxtilə Bakıdakı evini kirayə verib, Parisdə yaşayırdı. Orada sənətə münasibət çox yaxşıdır, ancaq həm də rəssamlar qarşısında yüksək tələblər var. Ona görə ki, Paris dünya rəssamlığının məbədidir. Orada böyük rəssamlar yaşayıb-yaradıblar. Çoxlu rəssamlıq cərəyanları formalaşıb. Bütün dünya rəssamları Fransada özlərini təsdiq etmək istəyirlər. Ona görə orada əsər satmaq çətindir. Mən layihələr gerçəkləşdirirəm, dolanışığım bundan çıxır. Parisdə müxtəlif mədəniyyət rayonları var, çoxlu qalereyalar fəaliyyət göstərir. 2013-cü ildə orada ilk sərgimi keçirdim. Yaxşı qarşılandı, başqa qalereyalar da mənimlə maraqlanmağa başladılar. 2014-cü ildə UNESCO-da fərdi sərgim baş tutdu. Sonra bir əsərim “Sotbis” beynəlxalq auksionunda satıldı. Ən baha əsərim 5000, ən ucuz əsərim 700 avroya satılıb”.

Görəsən, Parisdə çağdaş dünya rəssamlıq gedişlərilə yaxından təmasda olan, Əməkdar rəssam Ə.Nərimanbəyovanın Azərbaycan rəssamlığına münasibəti necədir? Niyə atasının üslubunu çağdaş biçimdə inkişaf etdirməyib?

“Mənə elə gəlir ki, indi hər yanda sənətə barmaqarası yanaşanlar çoxalıb. Məncə, Azərbaycan milli rəssamlıq ənənəsini çağdaş üslubda dünya tamaşaçısına çatdırmaq gərəkdir. Bilik rəssam üçün çox gərəklidir. Avropada konseptual sərgilər çox keçirilir. Rəssamlıqda kimisə təkrarlamaq olmaz. Sənətkar fərdi olmalıdır. Atamı yamsılamaq istəmədim. O, mənə həmişə fərdi olmağı məsləhət görürdü”.

Müsahibim Bakıda qalan bir neçə əsəri ilə məni tanış edir. O da atası kimi daha çox rənglərlə fikrini deməyə çalışır. Ancaq burada fiqur və predmetlər ya yoxdur, ya da sezilməyəcək qədərdir. Rəssam gerçəkliyi itirməklə rənglərlə ayrı bir gerçəklik yaradır. Yəni rəng burada həm predmet, həm də elə rəng olur.

Əsmər xanım çağdaş dünya rəssamlığının öncüllərindən olan P.Pikassoya özünün və atasının münasibətini də dilə gətirir: “Onun İspaniyadaGernika” əsərini görmüşəm. Doğrudan da gözəldir. Ancaq bəyənmədiyim başqa işləri də var. Heç vaxt demək olmaz ki, filan dahinin bütün əsərləri dahiyanədir. Bu baxımdan Pikasso yaradıcılığında zəif əsərlər də var. Sənətkarın yanlışını özündən yaxşı bilən olmur. Atam Pikassonu elə də qəbul etmirdi. Deyirdi, elə bil onun əsərlərini qadın çəkib”.

Əsmər xanım anası, heykəltəraş Elmira Hüseynovanın atasının sənətinə həmişə yaradıcı, tənqidçi kimi yanaşdığını, ona yön verdiyini deyir: “Anam heykəltəraş olsa da, atamın birinci tamaşaçısı, tənqidçisiydi. Atam onun fikirlərini əsərlərində nəzərə alırdı. Anam Xalq yazıçısı Mehdi Hüseynin əmisi qızı idi, ali təhsilini Sankt-Peterburqda İ.Y.Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda almışdı. 1995-ci ildə dünyadan getdi”.

Qeyd edək ki, T.Nərimanbəyov ikinci dəfə Sevil Nəcəfzadə adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən rəssamın Fransua adlı oğlu dünyaya gəlib, indi anasıyla Fransada yaşayır.

Əsmər xanım indi atasından ona qalan 30-dan çox rəsm əsərini, müxtəlif arxiv sənədlərini qoruyur, Bakıda onun ev-muzeyini yaratmaq istəyir. Birözünün Bakıda keçiriləcək fərdi sərgisinə hazırlaşır.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.10