Xalqlar dostluğu” sərgisində Azərbaycan guşəsi

 

 

Rusiyanın Nijni Novqorod şəhərindəki 52 saylı orta məktəbdə yeni dərs ilinin başlaması münasibətilə “Xalqlar dostluğu” sərgisi təşkil edilib. Sərgidə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi də təmsil olunub.

Sərginin məqsədi uşaq və yeniyetmə mühitində millətlərarası dostluğu möhkəmləndirmək, şagirdləri müxtəlif xalqların tarixi, mədəniyyəti ilə tanış etməkdir.

Sərginin açılışından sonra məktəbin kollektivinə və qonaqlara musiqili proqram təqdim olunub. Tədbirdə “Qarabağ” ansamblının üzvü Alfiya Badyautdinova “Sarı gəlin” Azərbaycan xalq mahnısının melodiyasına məharətlə ifa etdiyi rəqs nömrəsi ilə çıxış edib.

Bayram tədbirində məktəblilərin hazırladığı “Müharibəsiz dünyavideofilmi nümayiş etdirilib, şagirdlər muzeydə təqdim olunan milli mədəniyyətlərin stendləri ilə qonaqları tanış ediblər.

Muzeydə Azərbaycan xalqının zəngin milli-mədəni irsi, həmçinin müasir Azərbaycanın turizm potensialını əks etdirən stend sərgilənib. Ümumrusiya Azərbaycan Konqresi Nijni Novqorod regional bölməsi və Rusiya Azərbaycan Gəncləri Birliyinin yerli nümayəndəliyi tərəfindən hazırlanan stenddə Azərbaycan xalqının mədəniyyətini əks etdirən məişət əşyaları, musiqi alətləri, milli geyimlər, suvenirlər və s. nümayiş etdirilib.

Sərgidə, həmçinin “İRS”, “Baku”, “AMOR” jurnalları, Azərbaycan xalqının görkəmli nümayəndələri - ümummilli lider Heydər Əliyev, general Kərim Kərimov və başqaları haqda kitablar, həmçinin Azərbaycanın görməli yerləri, təbiəti, milli mətbəxi, turizm potensialı barədə məlumat kitabçaları, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlunun yaradıcılığını əks etdirən disklər yer alıb.

 

 

Mədəniyyət.- 2016.- 9 sentyabr.- S.16.