Üç məkan”a xoş gəldiniz!

 

 II Şəki Beynəlxalq Teatr Festivalına start verilib  

 

 

 

 

Sentyabrın 15-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında 15-24 sentyabr tarixlərində keçiriləcək "Üç məkan" II Şəki Beynəlxalq Teatr Festivalına start verilib.

Şəki Şəhər İcra Hakimiyyətindən Day.Az-a verilən məlumata görə, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak edirlər. Azərbaycan bu festivalda Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki və Gəncə Dövlət Dram teatrları ilə təmsil olunur.

Mərasimdən əvvəl festival iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları teatrın foyesində rəsm əsərlərindən ibarət və teatr sənətinə dair sərgilərlə tanış olublar.

Festivalın təntənəli açılış mərasimində təbirin təşkilatçı qurumlarının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak ediblər.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, belə bir mötəbər teatr bayramının Şəkidə keçirilməsinə göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə şəhər sakinləri, teatrsevərlər adından minnərdarlığını bildirib. TÜRKSOY tərəfindən Şəkinin 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyini xatırladan Elxan Usubov paytaxt ili çərçivəsində Şəkidə silsilə tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. İcra hakimiyyətinin başçısı ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya şəkililər adından dərin minnətdarlığını bildirib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, 144 illik tarixi olan Azərbaycan teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, son illər teatrlarımızın qazandıqları uğurlardan danışıb.

Beynəlxalq tədbirə marağın həddən artıq böyük olduğunu bildirən nazir müavini festivalda iştirak etmək üçün 28 ölkənin teatrlarına 45 tamaşa sifariş olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, festival müddətində teatrsevərlərə 12 tamaşa təqdim ediləcək. Bu tamaşaların 8-i Şəkidə, 3-ü Mingəçevirdə, 1 tamaşa isə Bakı şəhərində oynanılacaq.

Açılış mərasimindən sonra Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını - Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi əsasında hazırlanan səhnə əsərini təqdim ediblər. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşada görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin "Ölülər" əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

Tamaşada Şeyx Nəsrullah rolunu Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov canlandırıblar. Digər rolları Xalq artistləri Laləzar Məmmədova, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev və başqaları ifa ediblər.

Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.

 

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.2.