Mədəniyyət və turizm naziri TÜRKSOY-un baş katibi ilə görüşüb

 

Baş katib Şəki - Türk dünyasının mədəniyyət paytaxtı - 2016 ili çərçivəsində görülən işləri yüksək qiymətləndirib

Sentyabrın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb. Baş katib sentyabrın 15-də başlanan Üç məkan II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün respublikamıza gəlib.

Məlum olduğu kimi, Şəki şəhəri TURKSOY tərəfindən 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Şəkidəki festival çərçivəsində TÜRKSOY-un himayəsi ilə türkdilli ölkələrin dövlət teatrları rəhbərlərinin növbəti toplantısı da olacaq.

Mədəniyyət və Turizm Nazirliyində keçirilən görüşdə Üç məkan II Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən söhbət açılıb, eləcə də ölkəmizlə təşkilat arasında olan əməkdaşlıq əlaqələri müzakirə edilib.

TÜRKSOY-un baş katibi səmimi qəbula görə nazirə təşəkkürünü bildirib, Şəki - Türk dünyasının mədəniyyət paytaxtı - 2016 ili çərçivəsində həyata keçirilən layihələri və görülən işləri yüksək qiymətləndirib.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.5.