Milli musiqi günü münasibətilə tədbir

 

 

Zərdab rayon Mədəniyyət mərkəzində 18 sentyabr - Milli musiqi günü münasibətilə tədbir keçirildi. Əvvəlcə dahi bəstəkarın “Koroğlu” uvertürası səsləndi.

Mədəniyyət mərkəzinin direktoru Elyura Məmmədova Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdə misilsiz xidmətlərindən danışdı. Vurğulandı ki, dahi bəstəkar ömrünün təqribən 45 ilini bu işə sərf etmişdir. Onun doğum günü ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur.

Mədəniyyət işçiləri Bəylər Abdullayev və Şəfayət İsayeva Üzeyir bəyin dərin məzmunlu felyetonlar, publisistik əsərlər yazdığını, opera və operettaların məktəbini yaratdığını bildirdilər.

Xanəndə Nazim Həsənovun ifa etdiyi muğam və mahnılar, Təranə Xəlilovanın ifasında Üzeyir bəyin dahi Nizaminin sözlərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romansları, Samirə Soltanovanın ifasında “Uzundərə” rəqsi iştirakçılara xoş ovqat bəxş etdi.

 

Mübariz Səfiyaroğlu

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.7.