İslam Həmrəylik Oyunları zamanı Bakıda mədəni tədbirlər təşkil ediləcək

 

 

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Oyunlara hazırlığın gedişi ilə tanış olmaq üçün ölkəmizə səfər edib

 

Gələn ilin may ayında Azərbaycan paytaxtı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. 50-dən çox müsəlman ölkəsinin qatılacağı idman yarışları günlərində iştirakçı və qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti də çeşidli proqram və tədbirlərlə təqdim ediləcək.

Sentyabrın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşündə də bu məsələ diqqətə alınıb.

Görüşdə İƏT ilə ölkəmiz arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.

İyad bin Amin Mədəni ölkəmizdə yenidən olmasından məmnunluğunu ifadə edərək səfərinin əsas məqsədinin İslam Həmrəylik Oyunlarına hazırlığın gedişi ilə tanışlıq və Azərbaycanla əməkdaşlıq imkanlarının yenidən müzakirəsindən ibarət olduğunu söyləyib.

Əbülfəs Qarayev İslam Həmrəylik Oyunlarına hazırlığın bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunubütün aidiyyəti təşkilatların bu işdə lazımi dəstək göstərdiyini bildirib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də mötəbər tədbir dövründə maraqlı proqramların təşkil ediləcəyi diqqətə çatdırılıb.

Nazir qonağa cari ilin aprelində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Bakı Forumunun nəticələri və 2017-ci ilin aprelində paytaxtımızda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib.

Görüşdə, həmçinin İƏT institutları ilə əməkdaşlıq və Naxçıvanın “İslam mədəniyyəti paytaxtı - 2018” ilinə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.8.