Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının toplantısı keçirilib

 

Assosiasiyaya üzv olan sanatoriyalar bir-biri ilə rəqabət aparmır, çünki hər müəssisənin öz müalicə vasitəsi var

 

Sentyabrın 14-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının toplantısı keçirilib. Tədbir Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamdan irəli gələn məsələlərə həsr olunub.

Qurumun rəhbəri Ruslan Quliyev çıxış edərək bildirib ki, son illər turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Dövlət başçısı tərəfindən imzalanan son sərəncamlar da qarşıdakı dövrdə sektorun inkişafında yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək.

Qeyd olunub ki, sağlamlıq turizmi ölkəmizdə perspektivli bir istiqamətdir, çünki bu sahədə mövsümilik anlayışı yoxdur. Ölkədə fəaliyyət göstərən ən böyük sanatoriyaların assosiasiyaya üzv olduğunu deyən R.Quliyev onların bir-biri ilə rəqabət aparmadığını, hər müəssisənin öz müalicə vasitəsinin olduğunu vurğulayıb: Bu faktın özü bir daha sübut edir ki, Azərbaycan sağlamlıq turizmi sahəsində nə qədər böyük imkanlara malikdir.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: Dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Sənəddə Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi kimi mühüm məsələlər əks olunub və onların həyata keçirilməsi ilə bir çox problemlər həllini tapacaq.

Şöbə müdiri deyib ki, nazirlik turizm sahəsində fəaliyyət göstərən ictimai təşkilatların işinə hər zaman kömək etməyə hazırdır.

Sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının son bir il ərzində iştirak etdiyi tədbirlər və gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirə qonaq qismində qatılan Türkiyənin Nobel tibb mərkəzinin müdiri Turqay Sehil deyib ki, son 20 ildə dünyada sağlamlıq turizmi sahəsində çox böyük inkişaf müşahidə olunur. 1995-ci ildə bu sahədən 50 milyard dollar gəlir əldə edilmişdisə, 2015-ci ildə bu rəqəm 400 milyard olub. 2024-cü ilə qədər isə 600-700 milyard dollar mənfəət əldə olunacağı proqnozlaşdırılır.

Chinar Hotel & Spa Naftalan kompleksinin baş həkimi Çingiz Hacıyev qeyd edib ki, müalicə turizmi sahəsində istənilən nəticəni əldə etmək üçün qarşıya konkret məqsəd qoyulmalı və koordinasiya mərkəzi yaradılmalıdır.

Toplantıda daha sonra assosiasiyanın üzvlərinə 2018-ci ilə qədər üzvlük vəsiqələri təqdim edilib. Ruslan Quliyev sanatoriyakurort müəssisələrinin rəhbərlərinə öz təkliflərini yazıb göndərməyi xahiş edib və onların əsasında qurumun fəaliyyət planının müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.9.