Ərəb turistlər “ŞahdağTurizm Mərkəzinə böyük maraq göstərir

 

 

Qusar rayonunda yerləşən “ŞahdağTurizm Mərkəzinə bu yay mövsümündə gələn turistlərin 45 faizini ərəb ölkələrindən olan qonaqlar təşkil edib. Onların arasında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən turistlər daha çoxdur. Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzə iyun ayından bəri ümumilikdə 30 minə yaxın turist gəlib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən olan turist Fatimə Əl Fərdan ölkəmizə ikinci dəfə səfər edir. Bundan əvvəl Azərbaycana qış aylarında gəldiyini deyir: “İlk səfərimizdə Bakı şəhəri ilə tanış olmaqla kifayətləndik. Ölkənizin regionlarına gedə bilmədik. Bu səfərimiz zamanı isə “ŞahdağTurizm Mərkəzinə də gəldik. Buraları çox bəyəndik. Təmiz havası və gözəl təbiət mənzərələri var. Dünyanın bir çox ölkələrinə səyahət etmişəm. Bu ölkələr arasında Azərbaycanın özünəməxsus yeri var”.

ŞahdağTurizm Mərkəzində ilk dəfə olan Əbdülrahim Rifahimin də səfərlə bağlı zəngin təəssüratı var: “Azərbaycana gələrkən mənə daha çox Bakı, Qəbələ və Quba haqqında danışdılar. Dostlarımın sayəsində mən “ŞahdağTurizm Mərkəzini də özüm üçün kəşf etdim. İlk dəfə bura haqda eşidəndə elə bildim yalnız hoteldən ibarətdir. Amma gəlib görəndə çox xoşuma gəldi. Mən təmiz havada, dağlar qoynunda gəzməkdən zövq alıram. İki gündür buradayam. Hələ 10 günə qədər burada dincəlmək istəyirəm”.

ŞahdağTurizm Mərkəzinə gələn qonaqlara yay boyunca 20-dək müxtəlif əyləncə və idman oyunu imkanları təqdim edilib. Kvadrosikllər, bob kart, seqvey, trotinetlər, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər zamanı təcrübəli təlimatçılar turistləri təlimatlandırırlar. Bu cür əyləncələrin sayının artırılması istiqamətində işlər davam etdirilir. Mərkəzə dəvət olunan mütəxəssislər paraplanla uçuşları reallaşdırmaq üçün müvafiq məşqlər keçirlər.

Şahdağda yay turizm mövsümünə hava şəraitindən asılı olaraq sentyabr ayında yekun vurulacaq.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.9.