ABŞ səfiri Naxçıvanın turizm imkanlarını yüksək qiymətləndirib

 

 

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bölgənin turizm imkanları ilə də tanış olub.

Səfər təəssüratını bölüşən diplomat bu diyarın böyük turizm potensialına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Batabat yaylağının gözəl və ecazkar təbiətinin qorunub saxlanılması bu baxımdan böyük əhəmiyyət kəsb edir. Burada ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Səfir vurğulayıb ki, muxtar respublikanın tarixi abidələri, eyni zamanda, füsunkar təbiəti ilə tanış olmaqdan məmnundur: “Şahbuz Dövlət təbiət qoruğuna gedərkən yolboyu ətrafı seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət mənzərələri ilə qarşılaşdıq. Qoruq barədə ətraflı məlumat verildi. Düşünürəm ki, Naxçıvanın təbiət mənzərələri gözəlliyi ilə seçilən Azərbaycanın vacib bir hissəsidir”.

ABŞ səfiri qeyd edib ki, insanla təbiət qırılmaz tellərlə bir-birinə bağlıdır və bu bağlılıq çox vacibdir. Ona görə də təbiətin, ətraf mühitin qorunması böyük əhəmiyyət kəsb edir. Təbiətin mühafizəsi hökumət nümayəndələri ilə cəmiyyət arasında olan sıx əməkdaşlıq, ümumi məqsədlərə çatmaq naminə birgə səylər tələb edir. Çox gözəl haldır ki, Naxçıvanda biz bunu müşahidə etdik.

Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan çeşidli məhsullarla tanış olduğunu da qeyd edən diplomat bildirib ki, idxalın yerli istehsal hesabına əvəzlənməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Xüsusən də neft qiymətlərinin dünya bazarında aşağı olduğu bir dövrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.9.