Bədii təhsil: problemlər, perspektivlər

 

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan müxtəlif müsabiqələr gənc

istedadların üzə çıxarılmasına, bu sahədə qabaqcıl kadrların yetişməsinə zəmin yaradır

 

Bədii təhsil maarifçiliyin çox mühüm istiqamətlərindən biridir. Təhsilin bu sahəsi də ölkəmizdə diqqət mərkəzindədir. Mədəniyyətimizin, incəsənətimizin dünyaya inteqrasiya etdiyi yeni dövrdə gənclərin yaradıcı təxəyyülünün düzgün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Bədii təhsil çətin sahədir. Çünki musiqiçi, aktyor, rəssam, rejissor, xoreoqraf öz sənətini öyrətmək üçün həm də peşəkar pedaqoq olmalıdır. Eyni zamanda yaradıcı müəllimin və yaradıcı tələbənin özünəməxsus mühiti, özəl aləmi var. Buna görə də müasir təhsilin tələblərinə uyğun olaraq, yaradıcılıq azadlığına mane olmayan mühit çox vacib amildir. İncəsənətin məqsədi insanın mənəviyyatını zənginləşdirmək, estetik zövqünü formalaşdırmaqdırsa, elmin məqsədi onun intellektual gücünü, biliyini sosial gücə çevirməkdən ibarətdir.

Ölkəmizdə bədii təhsilə marağın səviyyəsi və bu sahədə görülən işlər barədə məlumat almaq üçün mütəxəssislərə müraciət etdik.

 

“Müəllimlərin ixtisasartırma kurslarına cəlb olunması zəruridir”

 

Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə şöbəsinin müdiri Yaşar Əliyev bildirdi ki, ölkəmizdə mədəniyyətin bütün sahələrində olduğu kimi, bədii təhsil sahəsində də yeniliklər və islahatlar həyata keçirilir. Bədii təhsil deyəndə göz önünə ilk olaraq nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət, musiqi və rəssamlıq məktəbləri gəlir. Son illər Ağcabədidə muğam, Gədəbəydə aşıq məktəbləri, Şamaxıda incəsənət təhsili mərkəzi və s. yaradılıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda respublikamızda ümumilikdə 239 musiqi, uşaq incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 68 minədək uşaq və yeniyetmə təhsil alır. Tədris ocaqlarında 17 minə yaxın müəllim çalışır.

Tədrisin səviyyəsini yüksəltmək istiqamətində nazirlik tərəfindən ciddi addımlar atılıb: “İlk olaraq məktəblərdə müəllimlərin biliklərinin qiymətləndirilməsi həyata keçirilir və müsbət nəticələr verməkdədir. Yoxlamalar göstərir ki, bəzi müəllimlərin bilik və bacarığı müasir dövrün tələblərinə cavab vermir. Bu da onların ixtisasartırma kurslarına cəlb olunmasını zəruri edir”.

Yaşar Əliyev ölkəmizdə bədii təhsilə hərtərəfli diqqət göstərildiyini deyir: “Nazirlik tərəfindən təşkil olunan müxtəlif müsabiqələr gənc istedadların üzə çıxarılmasına, bədii təhsil sahəsində uğurlara imza atılmasına və bu sahədə qabaqcıl kadrların yetişdirilməsinə yönəlib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Prezident təqaüdü alan əlaçı tələbələrimizlə yanaşı, xaricdə oxuyan tələbələr də hər zaman nazirlik tərəfindən maddi və mənəvi dəstək alırlar. Məqsədimiz bədii təhsildə ilkin pillədə işi gücləndirərək uşaqların bu sahədə biliklərini təkmilləşdirib uğurlara imza atmasına nail olmaqdır”.

 

İnsan beyninin daha yaxşı inkişafı üçün bədii təxəyyül mütləqdir”

 

Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, dosent Lalə Hüseynova deyir ki, bədii təhsil həmişə ümumi təhsilin əsas tərkib hissələrindən biri sayılıb. Azərbaycanda bədii təhsilə üz tutanların sayı hər zaman yetərincə olub. Musiqi, rəssamlıq, xoreoqrafiya təhsili verən müəssisələrə həmişə tələbat var: “Xalqımız incəsənəti sevirbu səbəbdən də övladlarını bu sahəyə yönəldənlər az deyil. Son dövrlərdə də bədii təhsilə qəbulla bağlı problemlə rastlaşmırıq. Getdikcə bu sahəyə maraq daha da artır. Nə yaxşı ki, bizdə bu ənənə davam edir. Elm sübut edir ki, bədii təxəyyül olmayanda insanın beyni inkişaf etmir. Mən Yaponiyada olduğum zaman onların texniki universitetində dram dərnəyi, musiqi dərnəklərinin fəaliyyət göstərdiyini gördüm. Bunu onunla izah etdilər ki, insan beyninin daha yaxşı inkişafı üçün bədii təxəyyül mütləqdir. Nümunə kimi dünya şöhrətli Albert Eynşteynin musiqiyə olan marağını göstərə bilərik. O, uşaq vaxtlarından skripkada ifa edib, xüsusilə Motsartın böyük pərəstişkarı olub”.

Prorektor Milli Konservatoriyaya ildən-ilə marağın artdığını bildirir: “Oxumaq istəyən çox ola bilər, lakin istedad ilkin şərtlərdən biridir. Ola bilsin ki, ərizə verən çox olsun, amma plan yerlərimiz boş qalsın. Bu, istedadların seçilməsindən irəli gəlir. Bu il bizim qəbul planımız 87 faiz dolub. Bu heçpis göstərici deyil”.

 

Klassik xoreoqrafiyada gender bərabərliyi təmin olunmayıb”

 

Bakı Xoreoqrafiya Akademiyası İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə təhsil ocağında oğlan şagirdlərin az olduğunu bildirdi. Onun fikrincə, bu problem daha çox milli mentalitetlə bağlıdır.

Müsahibimiz bununla bağlı valideynlər və uşaqlar arasında təbliğat aparmağa çalışdıqlarını deyir: “Rəqs sənəti asan deyil. Əslində sənətlər arasında ən çətini və ən incəsi məhz rəqs, xoreoqrafiya, xüsusilə də balet sənətidir. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada tarixən daha çox milli, əraziyə xas ritmləri ehtiva edən rəqslərə üstünlük verilib. Ümumbəşəri dəyərlərə hörmət, çağdaşlıq prinsiplərinə sadiqlikinsan mənəviyyatını inkişaf etdirən mütərəqqi hadisələrə həssaslıq Azərbaycanda balet sənətinin də inkişafına yol açıb. Ölkəmizdə klassik xoreoqrafiyanın tarixi 90 illik dövrü əhatə etsə də, burada gender bərabərliyi heç vaxt təmin olunmayıb. Bu daha çox təbii və sosial amillərdən qaynaqlanıb. Əgər SSRİ dövründə xoreoqrafiya məktəbində təhsil alan oğlanların sayı kifayət qədər idisə, müstəqillik illərində bu say dəfələrlə azalıb. Digər tərəfdən, milli mentalitet məsələlərinin ön plana çıxması da bu sənət növündə oğlanların iştirakına təsir göstərir”.

Əbülfəz Babazadə bu gün Azərbaycanda Avropa dəyərlərinin təbliği, klassik sənətə olan marağın artması nəticəsində bir çox valideynlərin oğul övladlarının bu sənətlə məşğul olmasını dəstəklədiyini bildirir. Onun sözlərinə görə, bu il Xoreoqrafiya Akademiyasına orta ixtisas pilləsi üzrə 20, bakalavr pilləsi üzrə 53, magistr pilləsi üzrə isə 12 tələbə qəbul olunub. Bu da planın müəyyən hissəsinin dolması deməkdir.

Göründüyü kimi, bu gün bədii təhsilə maraq heçaz deyil. Əsas meyar isə yenə də istedadbu sahədə bacarığın olmasıdır. Ölkəmizdə bədii təhsil profilli tədris ocaqlarında hər il yüzlərlə oğul və qızımız incəsənətin müxtəlif istiqamətlərində peşəkarlıqlarını daha da artırırlar. Bu da, təbii ki, mədəni-mənəvi zənginliyimizin gələcəyinə olan inamımızı möhkəmləndirir.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.10.