Rəssam soydaşımızın əsəri xatirə sikkəsi üzərində basılıb

 

 

İstanbulda yaşayan soydaşımız, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizovun çəkdiyi "Çaka bəy" tablosu qardaş ölkədə 20 türk lirəsi nominalında xatirə sikkəsi üzərində basılıb. Bu haqda qəzetimizə rəssamın özü bildirib.

Çaka bəy XI əsrdə yaşamış (1095-ci ildə Çanaqqalada vəfat edib) məşhur dənizçi, türk dəniz hərb tarixinin ilk admiralı olub.

Qeyd edək ki, 1992-ci ildən Türkiyədə yaşayan R.Əzizovun dəniz tarixi mövzularında onlarla əsəri qardaş ölkənin muzeylərində saxlanılır. Onların arasında Çaka bəy tablosu da var. Türkiyə Baş Nazirliyi Dərbxanası (pul kəsən rəsmi idarə) Çaka bəyin xatirə pulunu basmaq üçün rəssamın razılığını alıb. Bildirək ki, belə xatirə sikkələri az sayda buraxılır, bir müddət satışda olur, əsasən kolleksiyalarda saxlanılır.

Soydaşımız hazırda bir sıra əsərlər üzərində işləyir. O, həmçinin dünyada yaşayan azərbaycanlı rəssamların sərgisini keçirmək istəyir.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.10.