Türkiyəli alimin Qobustan haqqında kitabı çapdan çıxıb

 

Türkiyənin Ərzurumdakı Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyat Araşdırmaları İnstitutunun müdiri professor Cengiz Alyılmazın Qobustanın sirri (Qıpçaqlara gedən yol) elmi kitab-albomu nəşr olunub.

Türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə axtarışları sayəsində hazırladığı kitabda müəllif Qobustan qayaüstü yazıları barədə də geniş məlumat verir. O, Ömür kitabım adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Azərbaycanın Qobustan bölgəsindən başlanır.

Ümumilikdə 704 səhifə olan kitabda, həmçinin əksəriyyətinin professorun özünün müəllifi olduğu, türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir.

Alim bildirib ki, Bakı, Ankara, İstanbul və digər şəhərlərdə kitabın təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, Cengiz Alyılmaz öz otağında türk xalqlarına dair maraqlı muzey yaradıb. Muzeydə Azərbaycanla bağlı çoxlu sayda sənət əsəri var. 1989-cu ildən fəaliyyətə başlayan muzeydə türkdilli ölkələrdən gətirilən 2 mindən artıq sənət əsəri nümayiş olunur. Onların hamısı əl işləridir.

 

Mədəniyyət.- 2016.- 16 sentyabr.- S.11.